Yeni açılan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə mediatur təşkil edilib
26 Sentyabr 2019, 15:46 (GMT +4)
Bakı, 26 sentyabr, SalamNews. K.Orxan. Ötən gün açılışı olan Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə bu gün mediatur təşkil edilib.
SalamNews xəbər verir ki, jurnalistlərə məlumat verən BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, burada dörd platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlığı, havalandırma sistemi ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahələrində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib. Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri də quraşdırılıb. Gözləmə zalları ilə yanaşı, mərkəzdə 5 köşk, 1 idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı inşa edilib. Zallar içməli su ilə də təmin olunub.
|