Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur

14 Mart 2023, 10:00 (GMT +4)

14 mart, SalamNews. Bu gün Azərbaycanda Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur.

SalamNews xatırladır ki, digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-nə təsadüf edəcək.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66