Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

“Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirilib

06 Mart 2023, 16:45 (GMT +4)

6 mart, SalamNews. “Heydər Əliyev İli” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan” qəzetinin birgə təşkil etdiyi Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirilib.

BŞİH-dən SalamNews-a bildirilib ki, konfransfa Ulu Öndərin tarixi missiyası, dövlətçilik yolu, onun ideyalarının indi tam reallaşması barədə rəylər söylənildi, mövcud nailiyyətlərin əsaslarının yaradıcı olan Ümummilli Liderin fəaliyyətinin müxtəlif spektrləri mövzularında çıxışlar dinlənildi.

Əvvəlcə tədbir iştirakşıları Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoydular. Tədbir Şəhidlərin və Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Konfransda giriş nitqi ilə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov bildirdi ki, hər bir vətənpərvər Azərbaycanlı üçün Heydər Əliyev və Azərbaycan müəyyən mənada eyni məna daşıyır. O, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini Azərbaycan tarixinin əlamətdar hadisəsi kimi qiymətləndirdi. Bu yubileyin mühüm cəhəti olaraq vurğuladı ki, biz Ulu Öndərimizin şəxsində həm də Azərbaycanın dünənini, bu gününü, ən əsası isə həm də sabahını bir daha təhlil edirik: Heydər Əliyevin yaratdıqları barədə minnətdarlıqla danışırıq, onun yolu əsasında bu gün əldə edilən nailiyyətlərdən fəxrlə söhbət açırıq və yenə də məhz onun sayəsində gələcəkdə qazanacağımız qələbələrin real hədəflərini inamla müəyyənləşdiririk.

«Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Heydər Əliyevin Azərbaycanın bütün sahələrdə inkişaf və tərəqqisi üçün gördüyü işlər barədə ətraflı danışaraq bildirdi ki, Heydər Əliyev hər gün xatırlanır, hər gün anılır. Çünki daim bizimlədir, daim onun yaratdıqlarından bəhrələnir, qurduğu yeni Azərbaycanda yaşayır, müəyyən etdiyi siyasi kursla dönmədən irəliləyirik. Ulu Öndər Heydər Əliyev hansı ictimai-iqtisadi formasiyada yaşamasından, hansı vəzifə tutmasından asılı olmayaraq daim ölkəsi, xalqı üçün, Azərbaycanın indisi və gələcəyi üçün nəsə etməyi bacarıb və edib.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü, professor hacı Surxay Məmmədli, Vətən Müharibəsi Qəhrəmanı, Qazi, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Anar Mirzəyev, Milli Məclisin deputatı Azər Badamov, Dövlət İdarəçilik Akademiyasının dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, Azərbaycan Dillər Universitetinin müəllimi Elşən Məcidov, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nigar Hüseynzadə Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin müxtəlif sahələrinə həsr edilən mövzularla çıxış etdilər.

Bildirildi ki, konfransda səsləndirilən bütün çıxışlar “Azərbaycan” qəzetinin növbəti çapında tam şəkildə dərc ediləcəkdir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66