Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb01 Fevral 2023, 14:00 (GMT +4) Bakı, 1 fevral, SalamNews. Fevralın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Milli Hidrometeorologiya Xidmətindən SalamNews-a verilən məlumata görə, gündüz çiskinli olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
|