Netanyahu: Ukraynaya hərbi yardım göndərməyi nəzərdən keçiririk01 Fevral 2023, 12:21 (GMT +4) Bakı, 1 fevral, SalamNews. İsrailin baş naziri Benyamin Netanyahu, ABŞ-ın çağırışından sonra Ukraynaya hərbi yardım göndərməyi nəzərdən keçirdiyini, eyni zamanda münaqişədə vasitəçilik rolunu oynamağa hazır olduğunu bildirib.
SalamNews xəbər verir ki, Netanyahu bunu CNN-ə müsahibəsində deyib.
Netanyahu bu müsahibədə, İsrailin Dəmir Qübbə kimi havadan müdafiə sistemlərini Ukraynaya göndərə biləcəyi ilə bağlı sualı belə cavablandırıb:
"Hökmən, mən bu məsələni nəzərdən keçirəcəyəm”.
Netanyahu ABŞ-ın İsrail üçün nəzərdə tutulan artilleriya sursatı ehtiyatını Ukraynaya təhvil verdiyini təsdiqləyib və bu səyləri ölkəsinin İrana qarşı başlatdığı əməliyyatlarla müqayisə edib.
"Birləşmiş Ştatlar İsrailə ayrılan sursatın böyük bir hissəsini götürərək Ukraynaya ötürdü. Açığı, İsrail də İranın Ukraynaya qarşı istifadə edilən silah zavodlarına qarşı burada təfərrüat verməyəcəyim şəkildə hərəkət edir"? deyə o bildirib.
Qeyd edək ki, Ukrayna və Qərb rəsmiləri İranı Rusiyaya ucuz qiymətə pilotsuz təyyarələr satmaqda ittiham edir. Moskva və Tehran isə bunu inkar edirlər.
|