Keçmiş ABŞ rəsmisi: Səudiyyənin neftin satışında dollardan imtinası Vaşinqton üçün fəlakətli nəticələrə səbəb olacaq31 Yanvar 2023, 11:37 (GMT +4) Bakı, 31 yanvar, SalamNews, S.Bağırov. “Səudiyyə Ərəbistanı və digər ölkələrin neftin satışında “petrodollar”dan imtinası ABŞ-da fəlakətli hadisələrə səbəb olacaq.”
SalamNews xarici mətbuata istinadən xəbər verir ki, bunu prezident Ronald Reyqanın administrasiyası dövründə Ağ Evdə çalışmış Pol Kreyq Roberts deyib.
O, öz internet səhifəsindəki məqaləsində yazıb: "Səudiyyə Ərəbistanı Krallığı hökumətinin neft ödənişlərini dollardan başqa valyutalarla qəbul etməyə açıq olduğunu bildirməsi mətbuat və media tərəfindən diqqətdən kənarda qalan mühüm bir elandır. O zaman petrodolların sonu gələcək. Dolların dəyərinə, o cümlədən Birləşmiş Ştatlarda inflyasiya və faiz dərəcələrinə ciddi mənfi təsir göstərəcək.”
Ekspert hesab edib ki, Vaşinqtonun, (müxtəlif ölkələrin) aktivlərin müsadirə edilməsi və sanksiyaların tətbiqinə əsaslanan maliyyə siyasəti dolların mövqeyini sarsıdıb.
Onun sözlərinə görə, hazırda bir çox ölkələr ABŞ-dan gələcək potensial təhlükələrlə toqquşmamaq və onlara bağlı olmamaq üçün beynəlxalq ticarətdə milli valyutalardan istifadə etmək istəklərini bildirirlər.
O, "Səudiyyə Ərəbistanı neft dollarından imtina edərsə, Amerika valyutasına tələbat azalacaq və dolların dəyəri aşağı düşəcək. Bu, Vaşinqtonun nüfuzu və Amerika banklarının maliyyə gücü üçün ciddi təhlükədir" deyib.
Bir müddət əvvəl ABŞ konqresmeni Taylor Greene bildirib ki, Rusiya dollarsız və ABŞ-la dostluq olmadan ticarət və inkişaf etmək bacarığını dünyaya nümayiş etdirib və bu bir sıra ölkələr üçün örnək kimi qəbil edilib.
|