ABŞ generalı şəxsi heyəti 2025-ci ildə Çinlə müharibəyə hazırlaşmağa çağırıb28 Yanvar 2023, 12:33 (GMT +4) Bakı, 28 yanvar, SalamNews. ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan tabeliyindəki şəxsi heyətə göndərdiyi müraciətdə Amerikanın iki ildən sonra Çinlə müharibəyə başlayacağına dair fikir irəli sürüb.
SalamNews "TASS"a istinadla xəbər verir ki, bu barədə cümə günü "NBC" telekanalı məlumat yayıb.
"Ümid edirəm yanılıram. İntuisiyam mənə deyir ki, 2025-ci ildə döyüşəcəyik", deyə general qeyd edib.
Generalın fikrincə, Çin hakimiyyəti Tayvana nəzarəti bərqərar etmək məqsədilə əməliyyat keçirmək üçün 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən istifadə edə bilər.
Bundan əlavə, Minixan tabeliyində olanlara fevralın sonuna qədər Çinlə hərbi əməliyyatlara hazırlaşmaq üçün tədbirlər haqqında məlumat verməyə çağırıb.
Tayvanın adası 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur.
Rəsmi Pekin bu ərazini Çin əyalətlərindən biri hesab edir.
Tayvan ətrafında gərginlik ABŞ Nümayəndələr Palatasının o vaxtkı sədri Nensi Pelosinin 2022-ci ilin avqustunda Taybeyə səfərindən sonra artıb.
|