İsrailin Kanadadakı səfiri Netanyahu hökumətinə etiraz əlaməti olaraq istefa verib23 Yanvar 2023, 09:31 (GMT +4) Bakı, 23 yanvar, SalamNews, S.Bağırov. İsrailin Fransadakı səfirindən sonra Kanadadakı səfiri də Benyamin Netanyahu hökumətinin siyasətinə etiraz əlaməti olaraq istefa verib.
SalamNews bu barədə “Haaretz” qəzetinə istinadən xəbər verir.
Qəzet bildirib ki, İsrailin Kanadadakı səfiri və Knessetin keçmiş üzvü Ronen Hoffman dünən, bazar günü istefa ərizəsi verib.
Hoffman istefa məktubunda qeyd edib ki, yeni hökumətin formalaşmasındakı dəyişiklik və onun siyasətinin dəyişməsi fonunda o vəzifəsini dayandırmaq məcburiyyətində olduğunu hiss edir.
İsrailin xarici işlər naziri Eli Koen səfirin istefasını qəbul edib.
Qeyd edək ki, Hoffman müxalifət lideri Yair Lapidin əvvəlki hökumətdə xarici işlər naziri vəzifəsində çalışdığı dövrdə təyin edilib. Hoffman Fransadakı səfir Yael Germandan sonra Netanyahuya etiraz əlaməti olaraq istefa verən ikinci diplomatdır.
|