Fransada 1 milyondan çox insan pensiya islahatlarına etiraz olaraq küçələrə çıxıb20 Yanvar 2023, 11:08 (GMT +4) Bakı, 20 yanvar, SalamNews. Cümə axşamı Fransa şəhərlərində 1 milyondan çox insan pensiya islahatlarına etiraz olaraq küçələrə çıxıb.
SalamNews “AA”ya istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, nümayişlərdə ümumilikdə 1,12 milyon insan iştirak edib. Eyni zamanda, nazirliyin hesablamalarına görə, Parisdəki aksiyalarda 80 min insan iştirak edib.
Həmkarlar ittifaqları etirazçıların sayının təxminən iki dəfə çox olduğunu hesab edir. Belə ki, Fransanın "Ümumi Əmək Konfederasiyası" həmkarlar ittifaqının lideri Filip Martinez cümə axşamı 2 milyondan çox insanın küçələrə çıxdığını bildirib.
Etirazları təşkil edən həmkarlar ittifaqları növbəti kütləvi nümayişlərin yanvarın 31-nə təyin edildiyini də açıqlayıblar.
Cümə axşamı Fransada pensiya islahatına qarşı keçirilən ümummilli tətildə, uzun illərdən sonra ilk dəfə Fransız həmkarlar ittifaqları vahid cəbhə olaraq çıxış ediblər. Nəqliyyat, energetika, təhsil və digər sahələrdə çalışan işçilər pensiya yaşının 64 yaşa qaldırılmasının əleyhinə çıxıblar.
|