Siyarto: Brüssel Budapeştə qarşı şantajın bütün növlərindən istifadə edir09 Dekabr 2022, 12:10 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, ölkə Avropa İttifaqının ciddi hücumlarına hazır olmalıdır. Belə ki, “Brüssel və liberal təbliğat maşını” Budapeştə qarşı hər cür şantajdan istifadə edir.
SalamNews-un "RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, nazir bu barədə Vətəndaş Həmrəyliyi Forumunda çıxışı zamanı məlumat verib.
"Hazırda Brüsselin Macarıstana qarşı müraciət etmədiyi hər hansı şantaj növü praktiki olaraq qalmayıb. Brüssel və beynəlxalq liberal təbliğat maşını xüsusi bir vasitə seçməyəcək. Pul şantajı, siyasi şantaj, saxta məlumatların yayılması - bunların hamısı tətbiq ediləcək", deyə nazir vurğulayıb.
Siyartonun sözlərinə görə, son 12 ildə Budapeştin antiböhran siyasəti həmişə uğur nümayiş etdirib, baxmayaraq ki, Macarıstan heç vaxt Aİ-nin "üstünlük təşkil edən iqtisadi istiqamətinə qoşulmayıb".
Nazir daha öncə bildirmişdi ki, miqrasiyanı təşviq etdiyi üçün qeyri-qanuni miqrantlar tərəfindən törədilən cinayətlərə görə Aİ və amerikalı milyarder Corc Sorosun fondları məsuliyyət daşıyır. Onun sözlərinə görə, Budapeşt şərqdəki qaçqınlara kömək edir və Avropa İttifaqının cənub sərhədlərini qoruyur, amma Brüssel ittifaqın Macarıstana ödənilməli olan vəsaitlərini “siyasi şantaj” olaraq özündə saxlayır.
Noyabrın 30-da Avropa Komissiyası Aİ ölkələrinin hökumətlərinə Macarıstanın 7,5 milyard avro məbləğində subsidiyalara çıxışını dondurmağı tövsiyə edib.
|