Lukaşenko: Ukrayna hər vəchlə NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır01 Dekabr 2022, 14:13 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Ukrayna hər vəchlə NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır, Belarusun hüquq-mühafizə orqanları isə dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını qeyd edir.
SalamNews "BELTA"ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Bütün hüquq-mühafizə orqanları dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını qeyd edir. Ukrayna istənilən bəhanə ilə NATO-ya üzv ölkələrin qoşunlarını münaqişəyə cəlb etməyə çalışır. Bütün bunları Polşa ərazisinə atılan raketlər də təsdiqləyir. Hələlik biz potensial rəqibi Belarusa qarşı hərbi güc tətbiq etməkdən çəkindirə bilirik. Buna baxmayaraq, ölkəyə qarşı təcavüzə dair birbaşa hazırlığa işarə edən siqnalları daim izləmək, görmək və qaçırmamaq lazımdır", deyə prezident bildirib.
Lukaşenkonun sözlərinə görə, Qərb dövlətləri öz silahlı qüvvələrinin hərbi potensialını gücləndirməkdə, qonşu dövlətlərin ərazisində infrastrukturu müasirləşdirməkdə, əməliyyat və döyüş hazırlığı fəaliyyətinin intensivliyini artırmaqda davam edirlər.
"Bütün bunlar ölkə ətrafında və bütövlükdə regionda onsuz da mürəkkəb olan hərbi-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarır", deyə Belarus lideri əlavə edib.
Eyni zamanda Lukaşneko bildirib ki, “son dövrlər qaçaq müxalifətin Belarus ərazisində hakimiyyəti zorla ələ keçirməyə və terror aktları törətməyə dair çağırışları çoxalıb”.
"Bu qaçaqların bəziləri təkcə xain deyillər, həm də ekstremistdirlər. Onları başqa cür adlandıra bilmərəm. Onlar artıq açıq şəkildə, utanmadan ölkəmizin ərazisindəki hədəflərə zərbələr endirməyə çağırırlar. Onlar hətta qohumlarının Belarusda yaşadıqlarını da unudublar", deyə prezident vurğulayıb.
|