Si Tsinpin: Ukrayna böhranının siyasi yolla həlli Avropanın maraqlarına uyğundur01 Dekabr 2022, 11:39 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Ukraynadakı münaqişənin siyasi yolla həlli daha çox Avropanın maraqlarına uyğundur.
SalamNews-un "TASS" istinadla verdiyi xəbərə görə, bunu Çin Xalq Respublikasının sədri Si Tsinpin cümə axşamı Pekində Avropa Şurasının rəhbəri Şarl Mişellə görüşündə deyib.
"Ukrayna böhranının siyasi yolla həlli ən çox Avropanın və bütün Avrasiya ölkələrinin maraqlarına cavab verir", deyə ÇXR rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, Çin Avropa İttifaqından obyektiv münasibət gözləyir.
"Ümid edirik ki, Aİ mexanizmləri və ölkələri Çin haqqında obyektiv və etibarlı təsəvvür formalaşdıracaq", deyə Si Tsinpin əlavə edib.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, tərəflər Ukrayna böhranına dair fikir mübadiləsi aparıblar.
"Çin Aİ-ni Ukraynada vasitəçiliyini artırmaqda dəstəkləyir və Avropada balanslaşdırılmış, səmərəli və davamlı təhlükəsizlik arxitekturasının qurulmasına ümid edir. Çin həmişə sülhün tərəfində olub və bundan sonra da özünəməxsus şəkildə konstruktiv rol oynayacaq", deyə Si Tsinpin qeyd edib.
ÇXR rəhbəri Şarl Mişellə görüşündə Ukraynada gərginliyin qarşısını almağa çağırıb. Si Tsinpin həmçinin hesab edir ki, Çin və Avropa bir-birinin daxili işlərinə qarışmamalıdır.
"Çin və Avropanın ideologiyasında, tarix və mədəniyyət sahələrində, inkişaf səviyyələrində müəyyən fərqlər mövcuddur. Hər iki tərəfin bəzi məsələlərə fərqli yanaşması normaldır. Əsas məsələ bir-birinin maraqlarına hörmətlə yanaşmaq, xüsusilə də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət etmək, bir-birinin daxili işlərinə qarışmamaq, Çin-Avropa münasibətlərinin siyasi təməlini birgə müdafiə etməkdir", deyə Si Tsinpin qeyd edib.
|