Fransa XİN: Parlament palatalarının qətnamələri Parisin rəsmi mövqeyini əks etdirmir01 Dekabr 2022, 10:22 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi mövqeyini əks etdirmir.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, bunu çərşənbə günü jurnalistlərə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
"Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmir və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib", deyə XİN rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. O, xarici işlər naziri Ketrin Kolonnanın sözlərinə istinad edib. Belə ki, Fransa sülh imzalamaq fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcək.
Xatırladaq ki, bundan öncə Fransa parlamentinin aşağı palatası – Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması” tələbi ilə qərəzli qətnamə qəbul edib.
Qətnamənin lehinə 256 deputat səs verib, sənədin əleyhinə səs verən olmayıb. Qətnamə layihəsinin həmmüəllifləri Fransa prezidenti Emmanuel Makronun "Renessans" partiyasının üzvləridir.
|