Putin: Xəzəryanı ölkələr arasında rəqabət artır30 Noyabr 2022, 16:45 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Xəzər dənizi ətrafında yerləşən ölkələr arasında rəqabət güclənir, qonşu dövlətlər yaxşı işləyir və oradakı limanlarını fəal şəkildə inkişaf etdirir.
SalamNews-un Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, bunu çərşənbə günü Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündə bildirib.
“Xəzər dənizində rəqabət artır, qonşularımız yaxşı işləyirlər, onlar limanlarını çox fəal şəkildə inkişaf etdirirlər. Onlar həqiqətən rəqabət yaradırlar, yaxşı işləyirlər. Bu baxımdan, əlbəttə ki, buna xüsusi diqqət yetirmək lazımdır”, deyə prezident bildirib.
Putin xüsusilə Rusiyanın Xəzər regionunda ən böyük ticarət limanı olan Olya limanına diqqət çəkib.
“Biz bu limanı xüsusi iqtisadi zonalar siyahısına daxil etmək və onun inkişafı haqqında düşünmək istəyirdik”, deyə Putin əlavə edib.
Dövlət başçısı həmçinin xatırladıb ki, hökümət yayda bütövlükdə Volqa-Xəzər kanalına xüsusi diqqət yetirməyi planlaşdırıb.
|