Rişi Sunak: Çinlə münasibətlərin “qızıl dövrü” başa çatıb29 Noyabr 2022, 10:49 (GMT +4) Bakı, 29 noyabr, SalamNews. Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, London və Pekin arasında “qızıl dövr” başa çatıb. Hökümət başçısı Çinə yanaşmanı yenidən nəzərdən keçirməyə çağırıb.
"Gəlin səmimi olaq – “qızıl dövr” deyilən dövr və bununla birlikdə ticarətin sosial və siyasi islahatlara gətirib çıxara biləcəyi barədə sadəlövh fikirlər sona çatıb", deyə Sunak London merinin ziyafət mərasimində deyib.
Britaniyanın baş naziri əmindir ki, soyuq müharibənin bəsit ritorikasına da arxalanmağa dəyməz.
Siyasətçi Çində karantin məhdudiyyətləri ilə bağlı etirazlara və noyabrın 27-də "BBC"-nin müxbiri Edvard Lourensin saxlanmasına diqqət çəkib.
"Biz başa düşürük ki, Çin bizim dəyərlərimizə və maraqlarımıza sistematik problem yaradır, ölkə daha böyük avtoritarizmə doğru irəlilədikcə bu problem daha da kəskinləşir", deyə Sunak vurğulayıb.
SalamNews-un "AA"ya istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın baş naziri beynəlxalq siyasətdə Çinin hərəkətlərinə sözlə deyil, praqmatik yanaşma ilə qarşı çıxacağını vəd edib.
Sunak əlavə edib ki, Böyük Britaniya rəqibləri ilə ritorika səviyyəsində deyil, möhkəm praqmatizmin köməyi ilə qarşı duracaq.
|