Ərdoğan: Terrordan ən çox müsəlmanlar əziyyət çəkir28 Noyabr 2022, 16:46 (GMT +4) Bakı, 28 noyabr, SalamNews. Qlobal birliyin nümayəndələri zorakılıq, münaqişə və ya aclıqdan həlak olan hər kəs üçün ümumi məsuliyyət daşıyırlar.
SalamNews-un “AA”ya istinadla verdiyi xəbərə görə, bunu bazar ertəsi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) 38-ci iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
İstanbul Konqres Mərkəzində tədbir iştirakçılarına müraciət edən Ərdoğan qeyd edib ki, İslam ümmətinin müsəlman dünyasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və qardaşlıq əlaqələrini gücləndirmək üçün hər cür imkan və qətiyyət var.
“Anti-İslam ritorikası Qərbdə seçicilərə qarşı ən çox istifadə edilən təzyiq üsuludur. Bəzi Qərb ölkələrində müsəlman qadınların hicab taxmasına qadağa qoyulması, təhsil müəssisələrinə və iş yerlərinə təzyiqlər buna bariz nümunədir”, deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidenti İslam dünyasını Yunanıstanda təzyiq altında olan müsəlmanların acınacaqlı vəziyyətinə göz yummamağa çağırıb.
Türkiyə lideri Fələstin-İsrail münaqişəsinə də toxunub.
Ərdoğan əmin edib ki, Türkiyə Fələstin xalqının qanuni hüquqlarının müdafiəsi və Fələstin dövlətinin yaradılması, eləcə də Qüdsün statusunun və İslamın müqəddəs məkanı - Əl-Əqsa məscidinin qorunub saxlanılması üçün bundan sonra da əlindən gələni edəcək.
Siyasətçi İslam ölkələrini daha böyük iradə nümayiş etdirməyə və Suriyada münaqişənin, humanitar böhranın və terror təhlükəsinin aradan qaldırılması üçün siyasi səyləri effektiv şəkildə dəstəkləməyə çağırıb.
Ərdoğan xatırladıb ki, bu gün Türkiyədə 3,5 milyondan çox suriyalı qaçqın var və bu, “Suriya xalqına qardaş münasibətinin təzahürüdür”.
Suriya mövzusuna davam edən Türkiyə prezidenti PKK terror təşkilatına dəstək verən bəzi Qərb ölkələrinin hərəkətlərini tənqid edib.
Türkiyə lideri daha sonra Rusiya Federasiyası ilə Ukrayna arasındakı müharibə mövzusuna diqqət çəkərək qeyd edib ki, Ankara böhranın ilk günündən ziddiyyətləri aradan qaldırmağa və axan qanı dayandırmağa çalışıb.
“Hər iki ölkənin liderləri ilə sıx dostluq münasibətləri sayəsində biz Ukrayna ilə bağlı müxtəlif görüşlər təşkil edə bildik.
Dövlət başçısı qeyd edib ki, “taxıl müqaviləsi” sayəsində Ukraynanın Qara dəniz limanlarından 11 milyon tondan çox kənd təsərrüfatı məhsulu ixrac etmək mümkün olub.
Siyasətçi ümid edir ki, 2022-ci il noyabrın 19-dan etibarən “taxıl müqaviləsi”nin 120 gün müddətinə uzadılması Afrika ölkələrinin sakinlərinə qida sektorunda problemlərin öhdəsindən gəlməyə kömək edəcək.
|