Türkiyə DİN: İstanbuldakı hücum Suriyanın Kobani rayonundan gələn göstərişlə həyata keçirilib14 Noyabr 2022, 14:20 (GMT +4) Bakı, 14 noyabr, SalamNews. İstanbulda törədilən qanlı terror aktı terror təşkilatı YPG-nin Suriyanın Kobani bölgəsində yerləşən qərargahının “sifarişi” ilə həyata keçirilib.
SalamNews-un "AA"ya istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Onun sözlərinə görə, Bəyoğlu rayonunda törədilən terror aktının birbaşa icraçısı dindirilmə zamanı etiraf edib ki, o, PKK/YPG liderləri tərəfindən Suriyanı Afrindən keçməklə Türkiyəyə qanunsuz yollarla göndərilib.
Soylu bildirib ki, Türkiyənin təhlükəsizlik strukturları 1200 təhlükəsizlik kamerasının məlumatlarını dərhal araşdırıb, 21 ünvanda əməliyyat keçirib və 46 şübhəlini saxlayıb.
"Saxlanılanlar arasında İstanbulda partlayışı törədənin öldürülməsi əmrini alan terrorçu da var. Hücumda iştirak edənlər bu gün Yunanıstana qaça bilərdilər, lakin tez bir zamanda yaxalanıblar", deyə nazir qeyd edib.
Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri ABŞ-ın Türkiyədəki terror aktına reaksiyasına da münasibət bildirib. "İstanbuldakı terror aktı ilə əlaqədar ABŞ səfirliyinin başsağlığını qəbul etmirik və rədd edirik", deyə Soylu vurğulayıb.
Eyni zamanda Türkiyə Daxili İşlər Nazirliyi məlumat verib ki, laboratoriya müayinələri İstanbulda törədilən terror aktında partlayıcı trinitrotoluoldan (TNT) istifadə edildiyini müəyyən edib.
|