Husilər Yəməndə PUA-larla neft limanını hədəfə alıblar10 Noyabr 2022, 09:36 (GMT +4) Bakı, 10 noyabr, SalamNews, S.Bağırov. Husilər Yəmənin Şəbva əyalətində Səudiyyə Ərəbistanı hərbi koalisiyasının nəzarətində olan neft limanına PUA-larla hücum ediblər.
SalamNews xəbər verir ki, bu barədə “Yəmən Silahlı Qüvvələri”nin (Husilər) mətbuat katibi briqada generalı Yəhya Səri tvitter səhifəsində bəyanat verib.
Mənbə bildirib ki, “Yəmən Silahlı Qüvvələri Şəbva əyaləti sahilində yerləşən Qana neft limanından neft məhsulunun qaçırılmasının qarşısını alıb.”
Əlavə edilib ki, “limandan neft aparmaq istəyən tankerə xəbərdarlıq hücumundan sonra gəmi bölgədən uzaqlaşıb.”
Qeyd edək ki, Yəmənin 13 əyalətini nəzarətdə saxlayan husilər son ayda üçüncü dəfədir Yəmən limanlarından neft aparmaq istəyən tankerləri oxşar şəkildə hədəfə alır. Husilər neft gəlirlərinin mühasirədə qalan 13 əyalətdə maaşların ödənilməsi və digər ehtiyacların təmini üçün sərf edilməsini tələb edir.
|