Binəqədi Gənclər Evində Azərbaycan əsilli fransız fotoqraf Reza Diqqəti ilə görüş keçirilib (FOTO)07 Noyabr 2022, 11:46 (GMT +4) Bakı, 7 noyabr, SalamNews. Binəqədi Gənclər Evi tərəfindən keçirilən “İmza saatı” layihəsinin qonağı “National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Diqqəti olub.
SalamNews xəbər verir ki, R. Diqqəti görüşdən əvvəl gənclər evinin fəaliyyəti ilə yaxından maraqlanıb.
Daha sonra gənclərlə səmimi görüş baş tutub.
Tədbirin moderatoru Fərəh Quliyevanın suallarını ətraflı şəkildə cavablandıran Reza Diqqəti, çəkdiyi şəkillərin uğurlu olma səbəbini də açıqlayıb.
Görüş müddətində gənclərə fotoqrafiya ilə bağlı məsləhətlərini verən R.Diqqəti, onların suallarını da cavablayıb.
Sonda Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova tərəfindən hədiyyə və gənc rəssam Muradın çəkdiyi portret Reza Diqqətiyə təqdim edib.
Qeyd edək ki, Reza Diqqəti 20 yanvar hadisələrini o cümlədən də Xocalı soyqırımının şahidlərini eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. Bundan başqa müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. Bundan sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Reza Diqqətiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. Reza Diqqəti isə öz növbəsində cırılan şəkilləri yeniləri ilə əvəz etməyib, ermənilərin növbəti əməlini necə varsa elə də nümayiş etdirib.
|