GUAM və QDİƏT-in keçmiş baş katibi: Bakı və İrəvan Tbilisidə sülh müqaviləsi imzalaya bilər
12 Oktyabr 2022, 14:16 (GMT +4)
Bakı, 12 oktyabr, SalamNews. Tbilisi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ideal yer ola bilər.
SalamNews-un məlumatına görə, bunu GUAM və QDİƏT-in keçmiş baş katibi, Gürcüstanın sabiq maliyyə və xarici işlər nazirinin keçmiş 1-ci müavini, Gürcüstanın Rusiya və Ukraynadakı keçmiş səfiri, Gürcüstan Strateji Təhlil Mərkəzinin idarə heyətinin sədri Valeri Çeçelaşvili "Rasim Babayevlə müasir söhbət" "YouTube" kanalına müsahibəsində deyib.
"Nəzəri cəhətdən Bakı ilə İrəvan arasında üç coğrafi nöqtədə sülh müqaviləsi imzalana bilər. Bu ya Brüsseldir, ya Moskvadır, ya da Tbilisidir. Başqa variant görmürəm. Və hesab edirəm ki, bu, Gürcüstanda baş versəydi, hamımız üçün daha yaxşı olardı, çünki Brüssel Tbilisidə mütləq iştirak edərdi, Moskva isə yox. İkincisi, bu, bizim üçtərəfli əməkdaşlıq formatını (Azərbaycan-Ermənistan-Gürcüstan) formalaşdırıb inkişaf etdirəcəyimiz tendensiyasını gücləndirərdi və bu, Cənubi Qafqazın gələcəyidir”, deyə Çeçelaşvilli bildirib.
Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunmasında maraqlıdır.
"Biz yaxşı bilirik ki, dörd deyil, beş deyil, altı deyil, üç dövlətə - Azərbaycan, Ermənistan və Gürcüstana məxsus olan Cənubi Qafqazın unikal məkanı yalnız əməkdaşlıq, normal müqavilə və diplomatik münasibətlər, nəqliyyat dəhlizlərinin açılması və normal şəraitdə öz böyük potensialını reallaşdırmaq şansına malikdir", deyə keçmiş səfir bildirib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İttifaqının gələcəyi haqqında danışan Çeçelaşvili bildirib ki, bu məsələ “çox qeyri-müəyyən”dir.
"Rusiya zəiflədikcə, Ukrayna qoşunları bütün cəbhələrdə hücuma davam etdikcə, öz ərazi bütövlüyünü bərpa etdikcə, Rusiyanın hökmranlığı altında yaradılmış beynəlxalq strukturlar dağılmağa başlayacaq. Bu, mənə 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılmasından əvvəl Varşava Müqaviləsi və Qarşılıqlı İqtisadi Yardım Təşkilatının dağılmağa başladığı prosesi xatırladır.
Artıq mənə aydındır ki, KTMT və Avrasiya İttifaqı dağılacaq. KTMT-yə gəlincə, bu, artıq aydın görünür, çünki Azərbaycan-Ermənistan qarşıdurması bu təşkilatın imkanlarını çox gözəl nümayiş etdirir. Düşünürəm ki, bütün KTMT ölkələrinin Azərbaycanla ikitərəfli əməkdaşlıq kanalları vasitəsilə əlaqələri Ermənistanla müqayisədə daha yaxşıdır", deyə GUAM-ın keçmiş baş katibi vurğulayıb.
Çeçelaşvilli onu da bildirib ki, GUAM beynəlxalq təşkilatı həm KTMT-ni, həm də Avrasiya İttifaqını geridə qoyacaq.
Gürcü diplomat həmçinin Ukrayna-Rusiya müharibəsində vəziyyətin inkişafının mümkün gələcək ssenarisindən, Gürcüstanın bu gün üzləşdiyi problemlərdən, Belarus prezidenti Aleksandr Lukaşenkonun üzləşdiyi dilemmadan da söz açıb.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.