İranın “Xəyyam” peyki Baykonur kosmik bazasından orbitə buraxılıb (VİDEO)
09 Avqust 2022, 12:27 (GMT +4)
Bakı, 9 avqust, SalamNews, B.Samid. İran İslam Respublikasına məxsus “Xəyyam” peyki Rusiyanın “Soyuz” peyk raketi ilə Baykonur kosmik bazasından orbitə buraxılıb.
SalamNews İran mətbuatına istinadən xəbər verir ki, Xəyyam araşdırma peyki 600 kq ağırlığındadır və onun işi İran Kosmik Təşkilatının Mahdəşt stansiyasından peyk məlumatlarını müşahidə etmək və qəbul etməkdir.
“Xəyyam” peyki İran Kosmik Təşkilatının tədqiqatçıları tərəfindən peyk məlumatlarını təmin etmək və kosmos sənayesinin kənd təsərrüfatı və ətraf mühit kimi sahələrdə tətbiqlərini inkişaf etdirmək məqsədilə istehsal olunub.
İran Kosmik Təşkilatının Əməliyyatlar üzrə baş direktoru Nəiminin sözlərinə görə, peyk yer kürəsinə dövr etdikcə Mahdəşt stansiyasında dayanaraq, siqnalları qəbul etmək mümkün olacaq.
Bu arada İranın kommunikasiya və informasiya texnologiyaları naziri İsa Zarepur deyib:
“Xəyyam” peykinin orbitə çıxarılması İran və Rusiya arasında kosmik sahədə strateji əməkdaşlığın başlanğıcıdır.
Baykonur kosmik stansiyasında olarkən İsa Zarepur qeyd edib: “İki ölkə arasında kosmos sahəsində əməkdaşlıq bir müddətdir ki, başlamışdır, lakin bu, 13-cü hökumətdə öz bəhrəsini verməyə başlamışdır.”
Onun sözlərinə görə, Xəyyam peykinin orbitə buraxılması ölkənin ehtiyac duyduğu kosmik məlumatları təmin etmək üçün böyük bir addımdır. Onun yüksək dəqiq təsvirlərindən müxtəlif tətbiqlər, o cümlədən kənd təsərrüfatı və ətraf mühit sahələrində istifadə olunacaq.
“Rusiyanın peyk sahəsində dünyanın ən yaxşı iki ölkəsindən biri olduğunu nəzərə alaraq onunla strateji əməkdaşlıqdan əlavə, biz yerli kosmik texnologiyanın inkişafını gündəmə gətirmişik və ilin sonunadək araşdırma peyklərinin Yerin 500 km orbitində yerləşdirilməsi imkanına malik olacağıq”, deyə o əlavə edib.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.