Bağdadda Türkiyə səfirliyi ətrafında təhlükəsizlik tədbirləri artırılıb (FOTO)23 İyul 2022, 14:42 (GMT +4) Bakı, 23 iyul, SalamNews, B.Samid. İraqın paytaxtı Bağdadda intensiv etiraz aksiyalarının şahidi olan Türkiyə səfirliyi binası ətrafında təhlükəsizlik tədbirləri artırılıb.
SalamNews İraq mətbuatına istinadən xəbər verir ki, iki gündür Bağdadda Türkiyə səfirliyi ətrafında təhlükəsizlik tədbirləri görülür. Bu gün səfirliyin ətrafı beton divarlarla bağlanılıb.
Qeyd edək ki, ötən gün İraqın şimalında Türkiyə qüvvələrinin olduğu bazaya raket və PUA-lardan hücum edilib.
Bu gün İraq hökuməti Türkiyədən şikayətini rəsmən BMT Təhlükəsizlik Şurasına təqdim etdiyini bildirib.
İraqın xarici işlər naziri Fuad Hüseyn bu günkü açıqlamasında Dəhuk əyalətində istirahət mərkəzinə edilən hücumun Türkiyə Ordusu tərəfindən həyata keçirildiyini yenidən təkrarlayıb.
Qeyd edək ki, bu hücumda səkkiz mülki şəxs həyatını itirib və 20-dən çox yaralanıb. Türkiyə bu hücumun onlar tərəfindən həyata keçirilmədiyini bildirir.
|