Ərdoğan: Türkiyə üçün İsveç və Finlandiyanın sözləri deyil, hərəkətləri önəmlidir01 İyul 2022, 15:42 (GMT +4) Bakı, 1 iyul, SalamNews. Ankara Helsinki və Stokholmdan Türkiyənin milli təhlükəsizliyini təhdid edən terror təşkilatlarına qarşı real addımlar atacağını gözləyir.
SalamNews "AA"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə keçirilən NATO sammitində onu müşayiət edən jurnalistlərə müsahibəsində bildirib.
"Təminatlar əlbəttə ki, vacibdir, lakin əsas məsələ real hərəkətlərdir. Türkiyə terrorla mübarizədə dəfələrlə ikili standartlarla üzləşib və buna uyğun hərəkət edəcək", deyə ölkə lideri bildirib.
Dövlət başçısı Türkiyənin Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və xüsusi xidmət orqanlarının bu prosesi diqqətlə izləyəcəyini vurğulayıb.
"Hər şey İsveç və Finlandiyanın qarşıdakı addımlarında asılıdır. Əgər səhv addımlar atılarsa, o zaman Türkiyənin əlində sənədlər var və biz hərəkətə keçəcəyik", deyə Ərdoğan xəbərdarlıq edib.
Prezident Ərdoğan NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, İsveç və Finlandiyanın imzaladığı Üçtərəfli Memorandumu xatırladıb.
Ölkə başçısı bildirib ki, bu sənəd sayəsində bundan sonra PKK və FETÖ terrorçularının Skandinaviyada cinayət təşkilatlarını təbliğ etmək, həmçinin Türkiyə vətəndaşlarına hücum etmək və Türkiyəni tənqid etmək çətin olacaq.
Ərdoğan onu da əlavə edib ki, NATO-nun yeni Strateji Konsepsiyasında ilk dəfə olaraq terror təşkilatlarının təkcə xalqlara və ölkələrə deyil, həm də təhlükəsizlik strukturlarına qarşı təhlükəsi nəzərə alınıb.
Türkiyə-Yunanıstan münasibətlərinin vəziyyətini şərh edən Ərdoğan bildirib ki, Madriddə keçirilən NATO sammitində iştirak edən ölkələrin bütün liderləri Türkiyə ilə Yunanıstan arasında vasitəçiliyə hazır olduqlarını bildiriblər.
“Biz cavab olaraq bildirdik ki, Türkiyənin indi buna vaxtı yoxdur”, - deyə Ərdoğan əlavə edib.
|