Bu gün Həzrət İsa Peyğəmbərin (ə) mövlud günüdür25 Dekabr 2021, 14:27 (GMT +4) Bakı, 25 dekabr, SalamNews, B.Samid. İsa (ə) Peyğəmbərin doğulmasının milad tarixinin başlamasından 5 və ya 6 il öncəyə və dekabrın 24-25-ə təsadüf etdiyi deyilir. Xristian aləmində qəbul edilmiş iki təqvim – Qriqorian və Yulian təqvimlərinə əsasən, İsa peyğəmbərin (ə) doğum günü iki fərqli gündə keçirilir.
SalamNews xəbər verir ki, dekabrın 25-ı İsa peyğəmbərin (ə) mövludu günü kimi qeyd edilir. Mövludla əlaqədar Fələstinin Betlehəm şəhərində bayram tədbirləri keçirilir.
Həzrəti İsanın (ə) doğum günü tədbirlərinin bu gündə keçirilməsinə baxmayaraq onun doğulduğu il və gün barədə yekdil rəy mövcud deyil. Onun doğulmasının milad tarixinin başlamasından 5 və ya 6 il öncəyə və əksəriyyətin qəbul etdiyi fikrə görə dekabrın 25-ə təsadüf etdiyi bildirilir.
O həzrətin doğulduğu məkan isə hazırda Fələstində yerləşən “Betlehəm” (Vifleym) şəhəridir. Bu məkan 2 eradır ki, dünya xristianlarının müqəddəs məkanıdır və hər il burada İsa Peyğəmbərin (ə) doğum günü qeyd edilir.
Qeyd edək ki, xristian aləmində qəbul edilmiş iki təqvim – Qriqorian və Yulian təqvimlərinə əsasən, İsa peyğəmbərin (ə) doğum günü iki fərqli gündə keçirilir.
İsa peyğəmbərin (ə) həyatı bütün insanları, eləcə də müsəlmanları heyrətləndirir. Onun doğum anlarında baş verən qeyri-adi hadisələr və möcüzələr daha çox Qurani-Kərimdə təsvir olunub. Müqəddəs kitabda İsanın (ə) beşikdə ikən dil açıb insanlarla danışması qeyd edilir. Qeyd edək ki, bu, xristianların müqəddəs kitabı olan İncildə kifayət qədər geniş göstərilməyib. Quranın “Məryəm” surəsində İsa peyğəmbərin (ə) dünyaya gəlişindən geniş danışılır. Burada Onun öz elçiliyini sübuta yetirmək üçün göstərdiyi möcüzələr, verdiyi şəfalar və duaları əks olunur.
|