İran husilərin Səudiyyə Ərəbistanın neft təsisatlarına hücumuna münasibət bildirib08 Mart 2021, 13:34 (GMT +4) Bakı, 8 mart, SalamNews, B.Samid. “Yəməndə münaqişənin əsası bundan ibarətdir ki, Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd ibni Salman onun 3 həftəyə bitəcəyini düşünürdü. Amma artıq altı ildir bu davam edir. Yəməndə münaqişənin həlli müharibə deyil, siyasidir. ər-Riyad müharibəni dayandırsa, İran münaqişənin həllinə kömək edə bilər. Səudiyyə Ərəbistanın bu məsələdə İranı ittihamlandırması məsələni həll etməyəcək. Yəmənlilərin özlərini müdafiə etməsi onların legitim haqqıdır.”
SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında deyib.
Husilərin ötən gün Səudiyyə Ərəbistanın şərqində neft təsisatlarına hücum etməsinə və rəsmi ər-Riyadın bu məsələdə husilərlə yanaşı İranı da ittihamlandırmasına cavab verən Səid Xətibzadə bildirib ki, “rəsmi ər-Riyad İranı ittihamlandırmaqdansa, müharibəni dayandırmalı və beləcə münaqişəni köklü şəkildə həll etməlidir.”
“Yəmənlilərin özlərini müdafiə etməsi onların legitim haqqıdır. Biz bu münaqişədə siyasi həllin yeganə yol olduğunu təkidlə elan edirik. ər-Riyadın Yəmənə qarşı müharibəni dayandırması, həm Səudiyyə Ərəbistanın, həm də regionun gələcəyi üçün çox zəruridir”, deyə İran rəsmisi Səudiyyə Ərəbistanını İranı ittihamlandırmaqdansa Yəmənə qarşı müharibəni dayandırmağa çağırıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. Ötən gün Səudiyyə Ərəbistanı koalisiyasının Yəmən paytaxtına şiddətli hava zərbələrindən sonra husilər 1300 km uzaqda yerləşən krallığın ən böyük neft təsisatlarının yerləşdiyi Rəs-Tənnura limanını PUA və ballistik raketlərlə hədəfə alıb.
|