ABŞ Suriyada zəbt etdiyi neft quyuları ətrafında havadan müdafiə sistemləri yerləşdirir06 Mart 2021, 16:27 (GMT +4) Bakı, 6 mart, SalamNews, B.Samid. Amerika Suriyanın Dirazzur əyalətində, Fərat çayının şərqində yerləşən əl-Ömər neft quyuları yaxınlığında havadan müdafiə sistemləri yerləşdirməyə başlayıb.
SalamNews xəbər verir ki, bu barədə redaksiyası Londonda yerləşən “əş-Şərq əl-Əusət” qəzeti yerli mənbələrə istinadla xəbər verir.
Bildirilib ki, ABŞ Dirazzurda əl-Ömər neft quyuları ətrafında qüvvələrini qorumaq üçün raketlər və PUA-lara qarşı havadan müdafiə sistemlərini yerləşdirməyə başlayıb.
Bu havadan müdafiə sistemləri təkcə əl-Ömər neft yataqlarında deyil, Suriyanın şimal-şərqində yerləşən Rəqqa və Həsəka əyalətlərində də yerləşdiriləcək.
Qeyd edək ki, ABŞ İŞİD-lə mübarizə adı altında qüvvələrini Fəratın şərqinə və Suriya-İordaniya sərhədində yerləşən ət-Tənif bölgəsinə cəlb edib. ABŞ, Rəsmi Dəməşqin dəvətinə və BMT qətnamələrinə əsaslanmayan bu addımla bölgədə separatçı kürd birləşmələrinə vaxtaşırı hərbi və lojestik dəstəklərini davam etdirir.
|