Yəməndən Səudiyyə Ərəbistanına PUA-larla hücum edilib, havadan müdafiə cavab verib05 Mart 2021, 09:49 (GMT +4) Bakı, 5 mart, SalamNews, B.Samid. Mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri” Səudiyyə Ərəbistanın cənubunda bir hərbi qərargahı və bir hava limanını PUA-larla hədəfə aldıqlarını bildiriblər.
SalamNews xəbər verir ki, bu barədə “Yəmən Silahlı Qüvvələri”nin (husilər) mətbuat katibi briqada generalı Yəhya Səri rəsmi tvitter səhifəsində yazıb.
Bildirilib ki, "Səudiyyə Ərəbistanın ölkəyə hava zərbələrinə və ölkənin mühasirədə saxlanılmasına cavab olaraq, Səudiyyənin Kral Xalid hərbi qərargahı və Beynəlxalq Əbha hava limanı üç PUA ilə hədəfə alınıb və hədəflər vurulub."
Az sonra Səudiyyə Ərəbistanın hərbi koalisiyasının sözçüsü Türki əl-Maliki ölkənin dövlət xəbər agentliyi VAS-a bildirib ki, "bu gün ölkənin cənubunda havadan müdafiə sistemləri PUA-lara qarşı hərəkətə keçib. PUA-lardan biri geri qayıtmağa məcbur edilib və digəri vurulub."
Qeyd edək ki, son həftələrdə Yəmənin Ənsarulla hərəkatının Səudiyyə Ərəbistanına hücumları intensivləşib.
Səudiyyə Ərəbistanı və rəhbərlik etdiyi hərbi koalisiya 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.
|