FHN: Xırdalandakı partlayış nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib (Yenilənib)25 Yanvar 2021, 23:42 (GMT +4) Bakı, 25 yanvar, SalamNews. Xırdalanda baş vermiş partlayış nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
SalamNews xəbər verir ki, bu barədə məlumatı Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova bildirib.
Onun sözlərinə görə, xəsarət alanlardan biri uşaqdır.
***22:18
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
FHN-in Mətbuat xidmətindən SalamNews-a bildirilib ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
|