Bağdadda 32 nəfərin ölümü ilə nəticələnən silsilə partlayışları İŞİD üzərinə götürüb22 Yanvar 2021, 09:47 (GMT +4) Bakı, 22 yanvar, SalamNews, B,Samid. İŞİD terror təşkilatı dünən Bağdadda törədilən silsilə partlayışların məsuliyyətini üzərinə götürüb.
SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, İŞİD bu barədə Teleqram-dakı səhifələri vasitəsilə bəyanat verib.
Terror təşkilatı bildirib ki, Əbu-Yusif əl-Ənsari adlı “əsgəri” Bağdadın ət-Təyəran meydanında kamikadze kəmərini partladıb. Daha sonra isə Məhəmməd Arif əl-Mühacir ləqəbli şəxs birinci partlayışın olduğu məkanın yanında öz kamikadze kəmərini işə salıb. Təşkilat bu hücumda "şiə rafiziləri"ni hədəfə aldığını bildirib.
Qeyd edək ki, bu partlayış Bağdadda son ildə ən şiddətli və ən çox tələfatı olan partlayışdır. Burada 32 nəfər həyatını itirib və 110 nəfər müxtəlif dərəcələrdə yaralanıblar.
Bu partlayışdan sonra İraq hökuməti təcili toplantı keçirib. Ölkənin təhlükəsilik qüvvələri sıralarında bir sıra yüksək rütbəli şəxslər işdən kənarlaşdırılıb. Region və dünya dövlətləri bu terroru kəskin pisləyiblər.
|