Taliban Əfqanıstanın üç əyalətində hücumlar həyata keçirib, azı 20 ölü var17 Noyabr 2020, 13:58 (GMT +4) Bakı 17 noyabr, SalamNews. B.Samid. Taliban ötən və bu gün Əfqanıstanın Bədəxşan, Faryab və Künduz əyalətlərinin müxtəlif rayonlarında hücumlar həyata keçirib.
SalamNews ToloNews-a istinadla xəbər verir ki, Taliban Faryab əyalətinin Qeysər rayonunda yerləşən bir polis qərargahında minalanmış maşın partladıb. Burada azı 4 polis işçisi həyatını itirib.
Bədəxşan əyalətinin Curm rayonunda isə polis postuna hücumda 12 nəfər həyatını itirib. Ölənlərin hamısı polis və hərbçilərdir.
Məlumata görə son sutkada ən şiddətli döyüşlər Künduz əyalətinin Dəşt-Ərçi rayonunda qeydə alınıb. Rayonun inzibati mərkəzi qısa müddət ərzində Talibanın nəzarətinə keçsə də ordu qüvvələri əks həmlə ilə Dəşt-Ərçinin mərkəzini nəzarətə götürüblər. Burada da tərəflər çoxlu itki və yaralı veriblər.
Qeyd edək ki, Taliban və ABŞ hökuməti cari ilin fevralında sülh anlaşması imzalayıblar. Lakin hökumətlə Talibanın iki ay öncə Qətər paytaxtında başlatdıqları sülh danışıqları hələ nəticə verməyib.
|