İsrailin işğal siyasəti fələstinlilər üçün heç bir dialoq yolu saxlamayıb – Şərqşünas18 May 2020, 09:13 (GMT +4) Bakı, 18 may, SalamNews. “İsrail 1948-ci ildə təsis edilən zaman Fələstin torpaqlarından 800 min civarında insan ev-eşiklərindən didərgin salındı. Növbəti dəfə 1967-ci ildə Fələstinin digər torpaqları da işğal edilən zaman yenidən çoxlu insan qaçqın vəziyyətinə düşdü. Ötən əsrin səksən-doxsanıncı illərində və müasir dövrümüzdə də işğal edilən ərazilərdə İsrail tərəfindən yeni massivlərin salınması, daxildə qalmış fələstinlilərə müxtəlif zəminlərdə təzyiqlər, Fələstin xaricində qaçqın vəziyyətində olanların öz doğma yurdlarına qayıda bilməməsi, işğal edilən ərazilərdə İsrailin suverenliyini elan etmək çabası və sair amillər münaqişənin alovlanmasına səbəb olur. Buna görə demək olar ki, İsrail fələstinlilər üçün sülh danışqları istiqamətində bir yol qoymayıb.”
SalamNews xəbər verir ki, bu fikirləri şərqşünas Samid Bağırov Beynəlxalq Qüds günü ilə bağlı verdiyi müsahibəsində deyib.

Yaxın Şərqdə mövcud vəziyyəti açıqlayan şərqşünas bildirib ki, "fələstinlilər hazırki durumda öz səslərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün əlçatan instansiyalardan istifadə etməyə çalışırlar, lakin onların dövlətlərinin tanınmasının qarşısında qoyulan süni əngəllərə görə, bəzən də ABŞ kimi dövlətlər tərəfindən BMT, Beynəlxalq Cinayətlər Məhkəməsi və sair beynəlxalq təşkilatlarda şikayət qaldırmağa belə imkan verilmədiyinə və vetoların qoyulduğuna görə, fələstinlilər “İntifazə” hərəkatları və ya Beynəlxalq Qüds Günü aksiyaları kimi ümumxalq tədbirləri keçirməyə məcbur qalırlar."
"Beynəlxaq Qüds günü artıq 40 ilə yaxındır yerdə qalan Fələstin torpaqlarında, müsəlman dünyasında və bir çox dünya ölkələrində hər ramazan ayının son cümə günündə keçirilir. Bəzən bu dinc aksiyaların keçirilməsinə belə müxtəif bölgələrdə zorakılıqla qarşılıq verilir. Fələstin məsələsilə bağlı dünya ictimaiyyəti üçün ən narahatedici məqam fələstinli qaçqınların vəziyyətidir. Bir xalqı təsəvvür edin ki, onların yarıdan çoxu qaçqın şəraitində yaşayır. Dünyada belə xalq varmı?!. Statistikalara görə 13 milyon fələstinlidən 6.6 milyonu öz vətənlərindən kənarda yaşamağa məcburdurlar. Ötən əsrin ortalarında qaçqın vəziyyətinə düşən 800 min fələstinlinin sayı indi 6.6 milyondur. BMT-nin fələstinli qaçqınların işləri üzrə UNRWA adlı xüsusi beynəlxalq təşkılatı var. Burada maraqlı məqamlardan biri də ABŞ kimi dövlətlərin bu UNRWA fonduna etdiyi sabiq yardımları dayandırmasıdır. Səbəb isə fələstinlilərin ABŞ prezidenti Donald Trampın “Əsrin Sazişi” adlı planına razılıq verməmələridir."
Şərşqünas ABŞ-ın münaqişə ilə bağlı “Əsrin Sazişi” planına və yaxın gələcəkdə bölgədə nələrin ola biləcəyinə belə münasibət bildirib:
“Fələstinlilər Trampın “Əsrin Sazişi” planını yeni məkrli plan kimi qiymətləndirirlər. Burada İsrailin 1967-ci ildə işğal etdiyi ərazilərin bir qismi İsrailinki kimi təqdim edilir. Bu plan fələstinliləri 50 milyardlıq sərmayə yatırımı qarşılığında bir çox bölgələri unutmağa çağırır. Artıq ABŞ bunu gizlətmir və İsrailin işğalda olan bəzi Fələstin əraziləri üzərində suverenliyini elan etməsini rəsmən tanıyacağını bildirir. Hazırda İsrai işğalda olan İordan vadisi üzərində, eləcə də işğalda olan İordan çayının qərb sahilində sonradan salınan 120-dən artıq massivin üzərində suverenliyini elan etməyə hazırlaşır. İsrail rəsmi mənbələri bunun yaxın zamanlarda baş tutacağını bildirirlər. BMT, Avropa Bilrliyi və sair beynəlxalq təşkilat və dövlətlər indidən bu addımın əleyhinə olduğunu bildiriblər. Lakin İsrail bunu həyata keçirəcəyini bildirir. Görünən də budur ki, bunu edəcək. Çünki ABŞ bundan öncə Colan Yüksəkliklərini İsrailin ərazisi kimi, Qüdsü İsrailin paytaxtı kimi tanıyanda cüzi etirazlar baş verdi, lakin dünya ictimaiyyəti işğal qarşısında susmağı tərcih etdi. Təcrübələr də bunu göstərir ki, ABŞ hökumətinin davamlı dəstəyi bu işğalı da davamlı edəcək. Baxmayaraq ki, BMT TŞ-nın işğal edilmiş ərazilərin boşaldılması ilə bağlı 242-ci qərarı kimi bir sıra mühüm qərarlar vardır. Ona görə deyilir ki, artıq İsrail sülh danışıqları və dialoq zəminində fələstinlilər üçün bir açıq qapı saxlamayıb.”
|