Statistika Mərkəzi Fələstin qaçqınlarının son sayını açıqlayıb15 May 2020, 10:54 (GMT +4) Bakı, 15 may, SalamNews, B.Samid. Son 72 ildə ev-eşiklərindən didərgin salınan fələstinli qaçqınların sayı 6.5 milyonu keçib.
SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Fələstinin Statistika Mərkəzi məlumat yayıb.
On beş may İsrailin təsis edilməsi və həmin zamanda 800 min fələstinlinin qaçqın vəziyyətinə düşməsilə bağlı bəyanat verən Statistika Mərkəzi bildirib ki, indi yerdə qalan Fələstin ərazilərində, İsrailin özündə, qonşu dövlətlərdə və dünyada olan fələstinli qaçqınların sayı 6.6 milyona çatır.
Bu bəyanatda qeyd edilib ki, 13.4 milyon fələstinlidən öz tarixi torpaqlarında yaşayanlar yalnız 49.7 faiz təşkil edir.
Qeyd edək ki, İsrail işğal edilmiş İordan çayının qərbindəki İordan vadisi üzərində və sonradan salınan 121 yaşayış massivi üzərində də suverenliyini elan etməyə hazırlaşır. ABŞ prezidenti Donald Trampın “Əsrin Sazişi” planında da bu ərazilər İsrailinki kimi təqdim edilir. Əlavə edək ki, cari ramazan ayının son cümə günü dünyanın bir sıra ölkələrində fələstinlilərin hüquqları, Qüds şəhəri və əl-Əqsa məscidi ilə bağlı Beynəlxalq Qüds günü tədbirləri keçiriləcək.
|