“Azercell” ötən ili necə başa vurub?13 Mart 2020, 15:13 (GMT +4) Bakı, 13 mart, SalamNews. Bir neçə gün öncə Azərbaycan mobil rabitə bazarının ən böyük payçısı olan “Azercell Telekom” MMC 2019-cu il üzrə maliyyə hesabatını açıqladı.
https://www.azercell.com/media/html/files/ AZERCELL%20TELECOM%20LLC%202019%20FS%20for%20website%20aze.pdf
Hesabatda göstərilən rəqəmləri müqayisə etməzdən öncə bir məsələyə diqqət yetirmək lazımdır ki, “Azercell Telekom” ölkədə olan mobil operatorlar arasında maliyyə hesabatını açıqlayan yeganə təşkilatdır. Bu isə hesabatlılıq, şəffaflıq baxımından mütərəqqi addım hesab edilir.
Şirkət 2019-cu ili 101,178 milyon manat xalis mənfəətlə başa vurub. Bu isə 2018-ci illə müqayisədə daha yüksək göstəricidir.
Ötən il “Azercell Telekom”un əməliyyat gəlirləri 435,681 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 3,4% çoxdur. Həmçinin şirkətin əməliyyat xərcləri 7,2% artaraq 306,694 milyon manat, maliyyə gəlirləri 2,9 dəfə artaraq 2,181 milyon manata çatıb.
Bu il yanvarın 1-nə “Azercell Telekom” MMC-nin aktivləri 1 162,841 milyon manat olub ki, bu da illik müqayisədə 12,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 30,7% artaraq 126,896 milyon manata, balans kapitalı isə 10,8% artaraq 1 035,945 milyon manata çatıb.
Açıqlanan maliyyə hesabatları şirkətin şəffaflıq prinsiplərinə necə əməl etməsini müəyyənləşdirməyə kömək etməklə yanaşı, onun risklərin idarə edilməsi ilə bağlı hansı işləri görməsi, innovasiya və investisiyalar baxımından necə fəaliyyət göstərməsi baxımından da önəmlidir.
Bu rəqəmlər həm də risklərin müəyyənləşməsi, inkişaf strategiyasına əməl etməsi baxımından da əhəmiyyətli hesab edilir. Belə ki, məhz beynəlxalq təcrübədə də şirkətlərin qarşılaşa biləcəkləri riskləri öncədən müəyyən etmək və onları idarə etmək imkanları dəyərləndirilir.
Düşünürəm ki, “Süni İntellekt” (AI) və “5G” kimi yenilikləri testdən keçirən şirkət məhz bu məqamda da müəyyən riskləri nəzərə almalıdır. Hazırda ölkəmizin “Süni İntellekt Strategiyası” hazırlanır və bu baxımdan şirkətin analoji addımlar atması müsbət qarşılanmalıdır. “5G”yə gəldikdə isə ona investisiya yatırılmasının indiki halda mənfəətlilik baxımından daha riskli olduğunu düşünürəm. Belə ki, təxminən 2 il öncə “BakuTel” sərgisində ölkədə olan digər mobil operator bunun sınaqlarını həyata keçirmişdi və tətbiqinə hazırlaşdığını qeyd etmişdi. Amma sonradan həmin operator məhz risk amilini gözə alaraq bundan daşınmışdı.
Sonuncu dəfə açıqlanan rəsmi rəqəmlərə görə, Azərbaycanda hər 1000 nəfərə 1014 mobil qurğu düşür. Əgər nəzərə alsaq ki, “5G” hələ yenidir və Azərbaycanda bu şəbəkəni dəstəkləyən mobil cihazların barmaqla sayılacaq az olduğunu əminliklə deyə bilərik. Burada müsbət olan cəhət odur ki, şirkətin “5G” şəbəkəsini test olaraq istismara verməsi onun müasir və innovativ texnologiyalara sahib olması yaxud meylliliyi olmasını göstərir.
Amma bəzi əks fikirlər də ola bilər. Belə ki, məhz “5G” üçün xərclənən vəsaitin “3G” və “4G” şəbəkələrinin əhatə dairəsinin genişləndirilməsi işinə yönəltmək ideyaları da qəbulediləndir.
Bu baxımdan, “Azercell” yüksək keyfiyyətli 4G texnologiyasının ölkə regionları boyu yayılmasına daha güclü təkan verərək 2018-ci ilin sonlarından 2019-cu ilin sonuna qədər şəbəkənin respublika üzrə coğrafi əhatəsini 366%, əhali əhatəsini isə 120% artırmış oldu. Bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. Şəbəkə keyfiyyətinin yüksəldilməsi, həmçinin, istifadə həcminin də artmasına şərait yaratdı: “Azercell” şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304% artdı. “Systemics” Avropa şirkəti Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində “Azercell”in bölgələrdə 4G texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə yüklənməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib.
Artıq uzun illərdir ki, ölkəmizdə qeyri-neft sektorunun ən iri vergi ödəyicisi olan “Azercell” 2019-cu ildə dövlət büdcəsinə 112 milyon manat, 23 il ərzində isə 1 milyard 845 milyon manat vergilər də daxil olmaqla, dövlət büdcəsinə ödənişlər edib.
Azercell-in hesabatında şirkət xeyrinə müsbət mövqe kimi əsaslandırılan göstəricilərdən biri də onun məhz cəmi kapitalının da 1 milyard manatı ötməsidir. Bu isə Azərbaycanda barmaqla sayılacaq qədər şirkətlərin nail olduğu göstəricilərdir. Əgər nəzərə alsaq ki, onların bir çoxu məhz neft-qaz sektoruna məxsus müəssisələrdir, o zaman qeyri-neft sektorunun inkişafının prioritet olduğu bir dönəmdə “Azercell”in bu nəticəni əldə etməsi əhəmiyyətli hesab edilməlidir.
Beynəlxalq təcrübə onu göstərir ki, hər bir şirkət üçün vacib olan məsələ məhz dayanıqlıq, eyni zamanda inkişafdır. Sadə şəkildə desək dayanıqlı inkişaf öz məqsədləri olan şirkətin strategiyasının özəyini təşkil edir.
Düşünürəm ki, son iki ilin maliyyə göstəriciləri şirkətin düzgün istiqamətdə olduğunu və öz hədəfinə doğru irəliləməyi bacardığını göstərir. Bu isə 2020-ci ildə də “Azercell Telekom” artım göstərəcəyinə əminlik yaradır.
Hesab edirəm ki, qarşıdakı müddətdə əsas investisiyalar mövcud şəbəkənin keyfiyyətini və dayanıqlığını yüksəltməyə yönəldilməli, innovativ və texnoloji yeniliklərin tədricən tətbiqi dəstəklənməlidir.
|