Prezidentin mükafatı Gülnarə Xəlilovaya təqdim edilib (FOTOLAR)07 Mart 2020, 08:57 (GMT +4) Bakı, 7 mart, SalamNews. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
SalamNews xəbər verir ki, tədbirdə çıxış edən komitənin sədri Hicran Hüseynova ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan danışıb. O deyib ki, ölkəmizdə aktiv, öz fəaliyyəti ilə seçilən qadınların sayı çoxdur. Azərbaycan qadınları istənilən sahədə uğur qazanmaqla yanaşı, gözəl ailə sahibi olmağı və Vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna xüsusi ehtiramla yanaşıb.
Mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikini oxuyub.
Daha sonra mədəniyyət, təhsil, səhiyyə sahələrində, ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə Prezidentin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup qadına mükafatlar təqdim olunub.
Müfafat təqdim olunanlar arasında Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünas Gülnarə Xəlilova da var.
|