Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Nərminə Quliyeva: Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir (MÜSAHİBƏ)

11 Fevral 2020, 16:34 (GMT +4)

Bakı, 11 fevral, SalamNews, O.Isgəndərova. Tarix boyu Azərbaycan qadını xalqımızın tarixində öz iradəsi, mərdliyi, sədaqəti ilə əhəmiyyətli rol oynamış, həm görkəmli ictimai xadim, həm də təmsil olunduğu sahədə özünü peşəkar mütəxəssis kimi təmsil etməyə müvəffəq olmuşdur. Belə ziyalı qadınlarımızdan biri də Əməkdar müəllim, pedaqoji elmlər namizədi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevadır.

Professor Nərminə Quliyeva fəaliyyəti ilə bağlı SalamNews-a geniş müsahibə verib.

Nərminə xanım, başlayaq uşaqlıq illərinizdən. Hələ məktəbli ikən ağ və qara dillərin  mahiyyətini anlayırdınızmı?

Ağ və qara dilləri gözəl səslər, melodiyaları ifadə etmək üçün bir vasitə kimi qəbul edirdim.

Bəs sonralar-tələbəlik illərinizdə ağ və qara dillərin mahiyyəti nədən ibarət oldu?

Sonralar ağ və qara dillər mənim üçün  artıq nəinki bir vasitə, eyni zamanda dərin məna, fəlsəfi əhəmiyyət daşıyıcısı oldu.

Siz gənc yaşlarınızdan çoxsaylı uğurlara imza atmısınız. Böyük səhnədə ilk çıxışınız, qazandığınız uğurlarınız barəsində təəssüratlarınızı bizimlə bölüşərdiniz.

Bəli, uşaqlıqdan müxtəlif müsabiqələrdə, festival və konsertlərdə müvəffəqiyyətlə çıxış etmişəm. Orkestr ilə ilk çıxışım Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında S.Hacıbəyovun rəhbərliyi altında keçmişdir, G.F.Hendelin fortepiano konsertini ifa etmişdim. Sonradan A.Rzayevin, G.Qalıninin, F.Mendelsonun, E.Qriqin konsertlərini ifa etmişəm və mətbuatda S.Qasımova, N.Əliyeva, Z.Stelnik kimi musiqişünaslar tərəfindən müsbət, tərifedici rəylər işıqlandırılmışdır. Lakin, məhz görkəmli dirijor Niyazinin rəhbərliyi ilə ifa etdiyim K.Sen-Sansın konserti mənə çox böyük uğur qazandırmışdı. Mənə təsiredici və yadda qalan hadisələrdən,  konsertlərdən danışarkən istedadlı pianoçu, professor Nəzakət Rimazi ilə birgə Kapellhausdakı çıxışımızı qeyd etmək olar. Çünki, bu Azərbaycanda yeganə və ilk bir royal üçün dörd əlli əsərlərdən ibarət olan konsert idi. Fortepiano dueti hər zaman çox populyar janr olub. Lakin Azərbaycanda iki royalda dörd əl üçün yazılmış əsərlərə daha çox üstünlük verilib. Biz isə yalnız bir royal üçün yazılmış və işlənmiş V.A.Motsartın, F.Şubertin, S.Raxmaninovun əsərlərindən ibarət konsert tərtib etmişdik. Konsert uğurla keçmiş və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Lakin bizim üçün ən böyük uğur və şərəf konserti dinləyən BMA-nın professoru, Əməkdar artist Rafiq Quliyevin dilindən “bravo” eşitmək idi. Daha sonra yaxşı xatırlayıram ki, Tofiq Quliyevin yubileyinə həsr olunmuş konsert keçiriləcəkdi və mənə  o konsertdə iştirak etməyi təklif etmişdilər. Mən də bəstəkarın populyar mahnılarından ibarət iki royal üçün “Fantaziya” işləmişdim və onu konsertdə ifa etdim. Konsertdən sonra T.Quliyevdən də çoxlu təriflər eşitdim. Belə görkəmli bəstəkardan tərif və təşəkkür eşitmək mənim üçün böyük hadisə idi. Ümumiyyətlə, dörd əlli işləmələrim ilə bağlı dəfələrlə gözəl rəylər eşitmişəm. Bu rəylərdən birini xüsusilə qeyd etmək istərdim. İki royal üçün işlədiyim “Fantaziya”nı tələbələrim konsert üçün öyrənib, sinifdə məşq edirdilər. Bu zaman tanınmış bəstəkarımız Musa Mirzəyev sinfə daxil olaraq, əsəri dinləyir və tələbələrdən əsərin müəllifini öyrənir. Biləndə ki, mənim işləməmdir, Musa müəllim dekanatlığa gəlib, məni bir xeyli təriflədi, hətta bəstəkarlıq ilə məşğul olmağımı təklif etdi.

Nərminə xanımın sevimli bəstəkarı və ifasını çox dinlədiyi pianoçu kimdir?

Mənim sevimli bəstəkarım Sergey Raxmaninovdur. Onun ikinci konsertini hər dəfə dinləyəndə göz yaşlarımı saxlaya bilmirəm. Sevimli pianoçum isə əlbəttə ki, Xalq artisti Fərhad Bədəlbəylidir. Ümumilikdə isə tanınmış pianoçu S.Rixteri çox bəyənirdim. Uşaq vaxtı Moskvada olanda S.Rixterin konsertinə gedib, ifasını dinləmişdim və hesab edirdim ki, onun kimi ideal solo ifaçı yoxdur. Lakin bir neçə il əvvəl Praqada müsabiqədə olarkən, Q.Sokolovun solo konsertinə getdim və konsertdən çox böyük təəssüratla qayıtdım. Q.Sokolovu dinlədikdən sonra düşündüm ki, indi dünyada onun kimi solo ifaçı yoxdur. O, professional ifaçıdır.

Məqalənizin birində oxumuşdum ki, Siz Fərhad Bədəlbəylini fortepiano ifaçılığında əfsanə adlandırmısınız. Bəs o əfsanə ilə nə vaxtsa eyni bir təhsil ocağında fəaliyyət göstərmək və imtahanlarda onunla birgə müzakirələr aparacağınız ağlınıza gələrdimi?

Heç vaxt ağlıma gəlməzdi. O doğurdan da mənim üçün “əfsanə”, əlçatmaz bir zirvədir. Mən hələ uşaq olarkən, məktəbdən qaçıb, böyük həvəslə onun konsertinə qulaq asmağa gedirdim. Professor Fərhad Bədəlbəyli  emosional, temperamentli, çox hərarətli bir ifaçıdır. Onun konsertindən sonra Fərhad müəllimin  temperamentindən sanki bizə də keçirdi və gələcək inkişafımızı stimullaşdırırdı. Bizim də ifaçılıq texnikamızın bir balaca ona çatması üçün başlayırdıq gündə 5-6 saat çalmağa. Amma o dahidir. Belə dahiləri tarix 100 ildə, 200 ildə bir dəfə yaradır. Fərhad müəllimin həyat yoldaşı Nailə xanım mənim sevimli və ilk müəlliməm olub. Nailə xanımın dilindən onu gözəl insan kimi,  uşaqlıq illərimdən professional ifaçı kimi Fərhad müəllimi çox yaxşı tanıyırdım. Mən indi də onunla çalışıram. Hesab edirəm ki, onun kimi demokratik, onun kimi sadə bir rektor  yəqin ki, Azərbaycanda yoxdur. Çünki o müəllimləri də, tələbələri də çox asanlıqla qəbul edir, onları dinləyir, çətinlikləri varsa, əlindən gələn köməkliyi göstərir. Buna görə də onu hərtərəfli “əfsanə” adlandırıram. Musiqi mədəniyyətimizin, xüsusən də fortepiano ifaçılığının inkişafında onun rolu çox böyükdür. Mən sevimli rektorumuza, Xalq artisti, professor Fərhad Bədəlbəyliyə can sağlığı arzu edirəm.

Musiqimizin təbliği, musiqi maarifçiliyi ilə bağlı müxtəlif bölgələrdə ustad dərslər, böyük layihələr həyata keçirmisiniz. İstərdik bu barədə ətraflı məlumat verəsiniz.

İlk öncə  keçirdiyim bu layihələrə görə Azərbaycan Respulikasının Mədəniyyət Nazirliyinə və Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Hər zaman mənə dəstək olublar. Azərbaycanın demək olar ki, bütün bölgələrinə və rayonlarına tələbələrimizi apararaq həm konsertlər təşkil etmişik, həm də həmkarlarımla ustad dərslər keçirmişik. Dəfələrlə bölgələrimizdən olan istedadlı uşaqları kəşf edərək, Bakıya yönəltmişik. Onlar da musiqi təhsillərini Bakıda uğurla davam etdiriblər. Getdiyimiz hər bir şəhər və rayonun  musiqi məktəbləri, musiqi kolleclərində mütləq ustad dərslər keçirmişik. Naxçıvana getdiyimiz zaman da bizi çox yaxşı qarşılamışdılar. Həm musiqi məktəbində, həm musiqi kollecində, həm də Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında mən və skripka ifaçımız professor, Xalq artisti Zəhra Quliyeva ilə ustad dərslər keçirdirdik. Dərslərimizə maraq və ehtiyac olduğuna görə bizi gecə saat 12-yə kimi buraxmırdılar. Çünki şagird, tələbə və müəllim heyətində çox böyük həvəs, öyrənmək arzusu var idi.

Artıq uzun müddətdir ki, BMA-da pedaqoji fəaliyyət göstərirsiniz. Dərs dediyiniz onlarla tələbəniz Beynəlxalq və Respublika müsabiqələr laureatı, prezident təqaüdçüləridirlər. Ümumiyyətlə bu günki tələbələrin hazırlıq səviyyəsi, ümumi dünyagörüşü, seçdiyi sənətə maraqları haqqında nə deyə bilərsiniz?

İndi demək olar ki, istedadlı gənclərimiz var və onların geniş dünyagörüşünə sahib olduqlarını, seçdikləri bu sənətə böyük məhəbbət və rəğbət bəslədiklərini görürəm. Bunun nəticəsidir ki, xarici ölkələrdə keçirilən müxtəlif musiqi festivalları və müsabiqələrdə gənclərimiz böyük nailiyyətlər əldə edirlər. Ümumiyyətlə, tələbələrin hazırlıq səviyyəsi həm tələbənin, həm müəllimin birgə gərgin fəaliyyəti nəticəsində baş verən prosesdir. Bu səbəbdən də mən tövsiyə edərdim ki, musiqi məktəblərində uşaqların bünövrəsi, təməli düzgün qoyulsun. Sonra isə tələbəlik illərində artıq repertuar yığımı ilə məşğul olub, mürəkkəb virtuoz əsərlər üzərində çalışmağa başlasınlar. Ümumiyyətlə, professional səviyyələrini yüksəltsinlər.       

Siz həmçinin BMA-nın tədris işləri üzrə prorektorusunuz. İdarəçiliklə, yaradıcılıq işləri və pedaqoji fəaliyyət nə dərəcədə bir-birini tamamlayır? Bütün bunların öhtəsindən gəlmək çətin olmurmu?

Əlbəttə, çox çətindir. Hal-hazırda prorektorluq işini ən vacib və lazımlı hesab edirəm. Çalışıram ki, Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasında təlim-tədris işini bizim Konservatoriyamızın yüz illik ənənələri və müasir təhsil texnologiyaları əsasında qurum. Bu istiqamətdə işləyərək, biz Avropa təhsil məkanına inteqrasiya edə bilərik və xarici ölkələrdə olan  musiqi sənətindəki rəqabət üstünlüklərini əldə edərək, iş bazarında öz layiqli yerimizi tutmağa müvəffəq olarıq. Beləlikə, bizim tələbələrimizin, məzunlarımızın və  müəllimlərimizin mobilliyi təmin olunar. Bizim ifaçılarımızı Avropada ən tanınmış Konservatoriyalara qəbul edirlər, ən möhtəşəm beynəlxalq orkestrlərə dəvət alırlar, müsabiqələrdə qalib olurlar. Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir. Bu məqsəd öz həllini hər bir pedaqoqun sinfində tapmalıdır. Mən də bir pianoçu-pedaqoq kimi öz tələbələrimə ifaçılığın sirrlərini aşılayıram. Sinfimdə təhsil alan gənc pianoçuları nəinki professional bir ifaçı kimi, həm də yüksək mədəniyyət sahibi olan, insani keyfiyyətləri özündə cəmləşdirən bir vətəndaş kimi görmək istərdim.

Boloniya sisteminin musiqi təhsil ocaqlarına tətbiqi sizcə özünü nə dərəcədə doğruldur?

Əvvəllər bu sistem qəbul olunmurdu. Biz tam olaraq, 2010-cu ildən keçmişik Boloniya sisteminə. Düşünürəm ki, Avropa məkanına inteqrasiya ediriksə, bu, vacib bir siyasətdir. Bizim diplomlarımız xarici ölkələrdə tanındığı üçün boloniya sistemi də tələbələrimizə Avropanın istənilən ölkəsində təhsil almağa, işləməyə çox böyük imkan yaradır. Həmçinin bu sistem yarım il ərzində sistematik, mütəmadi işləyən orta səviyyəli tələbəyə də normal qiymət almağa şərait yaradır. Ona görə də hesab edirəm ki, müəyyən müsbət cəhətlərinə görə Boloniya sistemi tələbənin xeyrinə olan bir sistemdir.

Müasir dövrdə klassik musiqinin təbliğində aktual problemləri nədə görürsünüz?

Təbliğat çox önəmlidir. İndi maraqlı layihələr var, hansı ki, klassik musiqini müasir  üslübda, caz üslubunda ifa edirlər. Yəni klassik musiqini müasir dövrün tələbinə uyğun olaraq, gərək elə təqdim edək ki, uşaqların, gənclərin, cavanların, ümumiyyətlə hər kəsin qəbul edəcəyi tərzdə olsun və sevilsin. Ancaq bu iş incə zövqlə olunmalıdır.

Tez-tez Beynəlxalq və Respublika  üzrə keçirilən müsabiqələrdə münsiflər heyətinin sədri və üzvi kimi iştirak edirsiniz. Böyük və inkişaf etmiş xarici ölkələrdə Azərbaycan musiqisi və Azərbaycan ifaçılıq məktəbi necə qarşılanır?

Təbii ki, çox yaxşı qarşılanır. Bu yaxınlarda İspaniyanın Barselona şəhərində oldum. Bir görəydiniz orada bizim tələbələri necə tərifləyirdilər. Münsiflər heyətinin üzvi kimi rus musiqi məktəbinin nümayəndəsi, Barselona Musiqi Akademiyasının professoru S.Paçekin iştirak edirdi. O da gənclərin ifasından çox razı qalmışdı. Mən də həmişə xarici ölkələrə müsabiqələrə gedəndə Azərbaycan bəstəkarlarının əsərlərinin notlarını mütləq özümlə aparıram. Tələbələrimizin repertuarında da mütləq şəkildə bizim bəstəkarlarımızın əsərləri yer alır. Bununla da biz musiqimizi xarici ölkələrdə layiqincə təbliğ edirik.   

Müsahibə üçün təşəkkür edirəm!


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BMAM rəhbərliyi Türkiyə səfiri Erkan Özoral ilə görüşüb

Azərbaycan götürdüyü öhdəlikləri milli maraqlarına uyğun olaraq yerinə yetirib - BMAM sədri

Səlim Müslümov BMA-nın “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub

Xarici dairələrin QHT-lərin fəaliyyətinə dair tənqidi siyasi xarakter daşıyır - BMAM sədri (MÜSAHİBƏ)

Akademik Arif Paşayev BMA-nın “Fəxri Qızıl Nişanı” və Diplomu ilə təltif olunub

BMAM-ın təşkilatçılığı ilə Gəncədə konfrans keçirilib

BMAM Gəncə və Qubada konfranslar keçirəcək

BMA akademik Arif Paşayevi təltif edib

Ermənistan status-kvonu saxlaya bilməyəcək - BMAM sədri

BMA-nın xarici ölkə konservatoriyaları ilə əməkdaşlığı möhkəmlənir

Ermənistanın Azərbaycanla müharibə aparmaq gücü yoxdur - BMAM sədri

BMAM Gəncədə informasiya təhlükəsizliyi mövzusunda ictimai müzakirə keçirib

BMAM İdarə Heyətinin növbəti iclası keçirilib

28 Mart 2020, 12:45 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Ermənistana 1,1 milyon dollar yardım edəcək

28 Mart 2020, 12:28 (GMT +4)
DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət edib

28 Mart 2020, 12:19 (GMT +4)
ABŞ koronavirusla bağlı tələblərə baxmayaraq İranın dondurulmuş hesablarını açmaqdan imtina edib

28 Mart 2020, 12:15 (GMT +4)
Bolsonaru Braziliyada karantinə qarşı kampaniya hazırlayır

28 Mart 2020, 12:11 (GMT +4)
Cəlilabad rayon İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

28 Mart 2020, 11:57 (GMT +4)
Rusiya hərbçiləri İtaliyada koronavirusla mübarizəyə davam edir

28 Mart 2020, 11:53 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

28 Mart 2020, 11:35 (GMT +4)
Ağcabədidə yük avtomobili yanıb

28 Mart 2020, 11:22 (GMT +4)
Daha 90 Azərbaycan vətəndaşı Polşadan vətəninə gətirilib 

28 Mart 2020, 11:18 (GMT +4)
ABŞ İraqda «İran» əleyhinə irimiqyaslı hərbi əməliyyat planlaşdırır - KİV

28 Mart 2020, 11:16 (GMT +4)
Bakıda karantin rejimini pozanlar cərimələnir

28 Mart 2020, 11:08 (GMT +4)
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasından 101 il ötür

28 Mart 2020, 10:54 (GMT +4)
Sabahdan ASAN mərkəzləri xüsusi iş rejimində işləyəcək

28 Mart 2020, 10:38 (GMT +4)
Uxanda metro iki aylıq karantindən sonra işə başlayıb

28 Mart 2020, 10:35 (GMT +4)
Son 9 ildə ilk dəfə olaraq BƏƏ vəliəhdi Bəşər Əsədə zəng vurub

28 Mart 2020, 10:33 (GMT +4)
Rayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırılacaq

28 Mart 2020, 10:20 (GMT +4)
FHN sərhəd məntəqələrində çadırların sayını artırıb

28 Mart 2020, 10:12 (GMT +4)
Türkiyə koronavirusa görə xarici ölkələrlə uçuşlarını dayandırıb

28 Mart 2020, 10:07 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

28 Mart 2020, 10:00 (GMT +4)
Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edilir

28 Mart 2020, 09:58 (GMT +4)
İsrail Qəzzaya hava zərbələri endirib, yaralananlar var

28 Mart 2020, 09:06 (GMT +4)
Bu gün şaban ayının üçü İmam Hüseynin (ə) mövlududur

27 Mart 2020, 21:09 (GMT +4)
Bakı metrosu üçün yeni iş vaxtı müəyyənləşdirilib

27 Mart 2020, 21:05 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilir

27 Mart 2020, 20:10 (GMT +4)
Hikmət Hacıyev: AŞPA məruzəçiləri manipulyasiya və saxtakarlıqla məşğuldurlar

27 Mart 2020, 20:00 (GMT +4)
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib

27 Mart 2020, 19:43 (GMT +4)
Nar pandemiya ilə əlaqədar mobil tətbiqindən yararlanmağa çağırıb

27 Mart 2020, 19:21 (GMT +4)
“İrəli” karantin müddətini “Rəqəmsal ay” elan edib

27 Mart 2020, 19:07 (GMT +4)
"Aşıq Şəmşir"Mədəniyyət Ocağı Prezidentin təşəbbüsünə qoşulub

27 Mart 2020, 19:00 (GMT +4)
Təhsil Nazirliyinin #birteshekkur adlı onlayn fləşmobu davam edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66