Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir15 Dekabr 2019, 11:00 (GMT +4) Bakı, 15 dekabr, SalamNews, K.Orxan. Azərbaycanın lider mobil operatoru Azercell Telekom bu gün 23 yaşını qeyd edir.
SalamNews xatırladır ki, Azercell Telekom MMC ən çox bazar payı və 4,8 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur.
Azercell şirkətinin hazırkı 100% sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş," şirkətidir.
Azercell 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri oldu.
Azercell ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə 1 mlrd. ABŞ dollarından artıq sərmayə qoymuşdur. Vergilər Nazirliyinin məlumatına əsasən, Azercell qeyri neft sektorunun ən iri vergi ödəyicisidir.
Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir.
Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.
Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.
Azercell Telekom MMC ISO 10002:2014 ,ISO 9001:2015, ISO 14001, IIP (Investors In People) - İnsanlara Sərmayədar (İS), OHSAS 18001 və EN15838 (müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət) beynəlxalq standartlarına sahibdir.
|