Azərbaycanda aparılan islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində reallaşır04 Dekabr 2019, 09:06 (GMT +4) Bakı, 4 dekabr, SalamNews.Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli islahatlar Azərbaycanın dünyadakı nüfuzunu artırmaqla yanaşı inkişafın yeni keyfiyyət mərhələsini şərtləndirir.Ona görə də Azərbaycanda çağdaş, sivil, demokratik vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verən dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi prioritet məqsədlər sırasındadır.
Bu gün ölkədə aparılan çoxşaxəli islahatlar təkcə neqativlərin aradan qaldırılmasına yox, həm də daha üstün sosial rifah, daha mobil və effektiv idarəçilik, bir sözlə, yeniləşən Azərbaycanda yeni hədəflərə hesablanıb.İnqilabi xarakterli islahatlar paketinin, ölkənin bütün regionları ilə birgə paytaxt Bakıda həyata keçirilən nəhəng infrastruktur və sosialyönümlü layihələrin də birbaşa məqsədi məhz budur. Qısası dövlət inkişaf tendensiyanı dərinləşdirmək niyyətindədir və bu səbəbdən struktur, kadr islahatları, çevik mexanizmlərin işə salınması təbiidir. Dəyişikliklər modern, çevik siyasətlə ayaqlaşa biləcək yeni gənc kadrların prosesə qoşulmasını özündə ehtiva edir. Gənc kadrlara etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından əhəmiyyətlidir. Ümumilikdə, gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiqdir.Axı gənclər daim yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağı üstün tutur,fəaliyyətlərində yeni yanaşmaları tətbiq edir.Bu da bilavasitə ölkənin və cəmiyyətin xeyrinə xidmət edir. Burada diqqət edilməli mühüm məqamlardan biri yaşlı nəslin təcrübəsindən istifadə etməklə gəncliyin müasir intellektual biliklərinin harmoniyasına nail olmaqdır.Bu da öz növbəsində faktor idarəçiliyi üçün ciddi önəm daşıyır. Dövlət başçısının diqqət yetirdiyi məsələlər sırasında ugurlu gəncləşmə siyasətinin aparılması və bu prosesin sınanmış, təcrübəli, lakin bir qədər yaşlı insanlara qarşı kampaniyaçılıga gətirib çıxarmaması xüsusi yer tutur.Ölkə başçısı da bu məsələ ilə bağlı münasibət bildirərkən deyib: “İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik”. Prezident İlham Əliyev Azərbaycan xalqına verdiyi vədləri ardıcıl şəkildə yerinə yetirir. Ölkə bütün inkişaf reallıqları ilə dünya miqyasında nümunə kimi qəbul olunur. Mürəkkəb geosiyasi region, müxtəlif maraqların kəsişdiyi coğrafiyada belə uğura imza atmaq, əslində o qədər də asan məsələ deyil.Elə bütün bunların nəticəsi olaraq hazırda Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edir.Makroiqtisadi sabitliyin təmin olunması nəticəsində ötən müddətdə ümumi daxili məhsul 3, sənaye istehsalı 2,6, ixrac 4,7, valyuta ehtiyatları isə 24 dəfə artıb. Bu göstəricilər uğurla reallaşdırılan islahatların məntiqi davamı olmaqla yanaşı perspektivlər üçün də əlverişli təminat yaradır.Təkcə cari ilin əvvəlindən idarəçilik sahəsində aparılan islahatlar, pensiya və müavinətlərin, müvafiq kateqoriyadan olan vətəndaşların təqaüdlərinin artırılması dövlət başçısının əhalinin sosial müdafiəsinə xüsusi qayğısının növbəti təzahürüdür. Reallıq isə odur ki, istər daxili, istərsə də diplomatik müstəvidə Prezident İlham Əliyevin qazandığı hər bir uğur bu tipli insanların siyasi iflasını dərinləşdirir, onların əsaslandığı arqumentlərin sıradan çıxmasını şərtləndirir. Ümumiyyətlə ölkədə həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində reallaşır və kompleks xarakter daşıyır. İslahatların birinci mərhələsi əsasən qanunvericilik və instutisional sahələri əhatə edirdisə, sonrakı mərhələdə struktural və kadr islahatları aparılmaga başladı. Bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif komponentlərini özündə birləşdirməklə onun məqsədyönlülüyündən xəbər verir. Son kadr islahatlarının daha çox yuxarı idarəetmə strukturlarını əhatə etməsi bu prosesin daha da dərinləşməsi kimi dəyərləndirilə bilər. Bu prosesə sadəcə kadrların dəyişməsi kimi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsi kimi nəzərdən keçirmək olar. Azərbaycan iqtisadiyyatını idarə edə bilən və qlobal iqtisadi çağrışlara adekvat cavab verən intelektual səviyyəli gənc kadrlara geniş yer verilməsi bu baxımdan önəmli addımlardandır. Yazı “Səlis ” jurnalist müsabiqəsinə təqdim edilir. Aytən Abdulova
|