Musiqi məktəbi "Yeni nəfəs" adlı solo konsert proqramı təqdim edib13 Noyabr 2019, 16:25 (GMT +4) Bakı, 13 noyabr, SalamNews. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş "Yeni nəfəs" adlı solo konsert proqramı təqdim edib.
Baş İdarədən SalamNews-a verilən məlumata görə, konsert Xalq artisti Fidan Hacıyevanın ifasında Üzeyir Hacıbəylinin "Sevgili canan" romansı ilə başlanıb. Onu fortepianoda Zülfiyyə Sadıqova müşayiət edib.
Məktəbin şagirdlərindən Südabə Eyvazova J.Bizenin "Karmen" operasından Habanera ariyasını ifa edib, Xədicə Əkbərzadə isə (III sinif şagirdi) Üzeyir Hacıbəylinin "Asyanın mahnısı" ("Arşın mal alan" musiqili komediyasından) müəllim-tələbə dueti ilə çıxış edib.
Məktəbin qanunçalanlar ansamblının təqdimatında "Şalaxo" (bəstəkar Süleyman Ələsgərov), II sinif şagirdi Mail Manafovun ifasında "Ave Mariya" (İ.S.Bax/F.Ş.Quno), Gənc pianoçuların I beynəlxalq müsabiqəsinin qalibi, IV sinif şagirdi Amaliya İbrahimovanın səsləndirdiyi "Polka" (S.Raxmaninov), IV sinif şagirdi Elçin Məmmədovun müəllimi Muxtar Hüseynzadə ilə birgə klarnetdə ifa etdiyi "Arzu" (Niyazi) əsəri, IV sinif şagirdi Fərid Ziyalının skripkada səsləndirdiyi "Rəqs" (E.Cenkinson), qarmonda III sinif şagirdi Eldar Hüseynovun, IV sinif şagirdi Nuray Abdullayevanın ifasında, Şükran Mirsalahov və Pərviz Məmmədovun müşayiətilə "Tərəkəmə", fortepianoda V sinif şagirdi Mədinə Əzimlinin müşayiətilə məktəbin müəllimi Nurlan Abbasın skripkada ifa etdiyi "Skerso" (F.Əmirov), fortepianoda V sinif şagirdləri Nərmin Əliyevanın "Caz etüd"ü (Manfred Şmidts), Zümrüd Həsənovanın "Etüd" (Milan Dvorjak), tarda V sinif şagirdi Yusif Həsənovun səsləndirdiyi "Xəzər balladası" (T.Bakıxanovun), V sinif şagirdi Bəsrə Amanovanın "Arzular" (T.Quliyev, "Görüş" bədii filmindən) vokal ifası alqışlarla qarşılanıb. Həmçinin Xalq artistinin ifasında Ernesto de Kurtisin "Non ti scordar di me" (Unutma məni) mahnısı təqdim olunub.
Qeyd edək ki, qısa müddət ərzində uşaq musiqi məktəbində instrumental və xalq çalğı alətləri ansamblları yaradılıb. Konsertdə həmin ansamblların ilk çıxışları təqdim edilib.
Konsert proqramı Xalq artisti Fidan Hacıyevanın və kollektivin birgə ifasında M.Maqomayevin "Azərbaycan" mahnısı ilə başa çatıb.
|