QMİ sədri Allahşükür Paşazadə Səudiyyə kralı ilə görüşüb (FOTO)02 Sentyabr 2019, 16:36 (GMT +4) Bakı, 2 sentyabr, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.
SalamNews Səudiyyə Ərəbistanı dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, bu gün (02.09.2019) Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Ciddə şəhərində yerləşən əs-Səlam kral sarayında Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri kral Salmana Azərbaycan Respublikasının prezidenti, İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb.
Öz növbəsində, Kral Salman Şeyxülislam Paşazadədən öz salamlarını İlham Əliyevə çatdırmasını xahiş edib.
Qəbul əsnasında tərəflər iki dost və qardaş dövlət arasında əməkdaşlıq məsələlərini müzakirə edib, İslamın sülh və mötədillik dini olaraq təlim edilməsinin vacibliyi haqda fikir mübadiləsi aparıblar. Hacı Allahşükür Paşazadə Kral Salman bin Əbdüləzizin Ermənistan tərəfindən təcavüzə məruz qalmış Azərbaycana verdiyi ənənəvi dost, qardaş dəstəyinin Prezident İlham Əliyevin və xalqımızın həmişə yüksək qiymətləndirdiyini vurğulayıb. Hər il olduğu kimi bu il də həcc ziyarətinin yaxşı təşkil edildiyini qeyd edən QMİ sədri bütün azərbaycanlı hacılar adından krala təşəkkürünü bildirib, iki dövlət arasındakı münasibətlərin bütün islam aləmi üçün bir nümunə olmasını diləyib.
|