Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

“Xalq qəzeti”nin baş redaktoru: Vətənə və dövlətçiliyə sədaqətlə xidmət etmək şərəfli missiyadır

30 Avqust 2019, 13:45 (GMT +4)

Bakı, 30 avqust, SalamNews.Tarixi inkişaf prosesində ölkələrin malik olduğu potensialın hərəkətə gətirilməsində, cəmiyyətin gücünün, enerjisinin, real imkanlarının, intellektual sərvətlərinin düzgün və zəruri istiqamətlərdə səfərbər olunmasında kütləvi kommunikasiya vasitələrinin rolu böyükdür. Bəşər tarixi boyunca cəmiyyətin həyatında çoxlu sosial institut mövcud olmuşdur. Bu təsisatlar ictimai inkişafın təbii qanunauyğunluqları nəticəsində meydana gəlmiş, təşkilatlanmış, qanuni əsaslar üzərində dövrün, zamanın qarşıya qoyduğu mühüm missiyaları yerinə yetirmişlər.

Bu fikirləri SalamNews-a müsahibəsində “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist,
Azərbaycan Respublikasının Prezidenti yanında KİVDF Müşahidə Şurasının sədri Həsən Həsənov deyib.

Onun sözlərinə görə, bəşər övladı yarandığı gündən bəri xəbərləşməyə, informasiya-kommunikativ münasibətlər sisteminə böyük ehtiyac duymuşdur. Yaxın-uzaq məkanlarda baş verən hadisələrdən xəbər tutmaq istəyi zaman keçdikcə ölkələr arasında informasiya paylaşımını zəruri tələbata çevirmişdir. İlk vaxtlar işarə, səs, danışıq vasitəsi ilə ötürülən informasiyanın yerini sonrakı dövrdə daş və gil lövhələr üzərində yazılar tutub.

Dünya alimlərinin, mətbuat tədqiqatçılarının yekdil fikrinə görə, müasir qəzetlərin ilkin nümunəsi sayıla biləcək qəzet – “Kinq-Pao” (“Paytaxt xəbərləri”) 911-ci ildə Çində işıq üzü görmüşdür. Bu qəzet 1361-ci ildən müntəzəm olaraq həftəlik, 1800-cü ildən isə gündəlik nəşr edilmişdir. 911-ci ildə “Kinq-Pao”nun nəşri ilə informasiya yayımı funksiyasını öz üzərinə götürən qəzetlər XX əsrin sonuna qədər bu sahədə şəriksiz lider olmuş və informasiya istehsalı, emalı, yayımı məkanını əllərində saxlamışlar.

Müasir cəmiyyətdə informasiya vasitələrinin rolunun və yerinin elmi dərk olunmasının əsasları görkəmli ABŞ mütəxəssisləri Albert Fred, Uilburq Şramm, Teodor Peterson tərəfindən geniş tədqiq edilmişdir. Ötən əsrin ortalarında işıq üzü görmüş “Mətbuatın dörd nəzəriyyəsi” əsəri bu gün də öz elmi-nəzəri əhəmiyyətini, aktuallığını qoruyub saxlayır. Bu dəyərli nəşrin müəllifləri belə hesab edirdilər ki, mətbuat nəzəriyyələri dörd qrupa ayrılır: avtoritar, liberal, sosial məsuliyyət və sovet–kommunist nəzəriyyələri. Bu nəzəriyyələrin hər birinin söz azadlığı anlayışına, KİV-in hakimiyyət strukturları, vətəndaşlar və auditoriya ilə münasibətlərinin şərhinə, təfsirinə tarixən özünəməxsus yanaşması olmuşdur.

Liberal mətbuat nəzəriyyəsi insan hüquq və azadlıqlarının, siyasi-ideoloji plüralizmin ümumi liberal prinsiplərindən, KİV-in dövlətin və partiyaların diktəsindən uzaq və müstəqil olması mövqeyindən çıxış edir.

H.Həsənov bildirir ki, keçmiş sosialist düşərgəsinə daxil olan dövlətlər artıq öz sosialist-kommunist tarixindən uzaqlaşdığından, təbii ki, sovet və avtoritar mətbuat modelləri də sıradan çıxaraq öz yerlərini tədricən liberal və sosial məsuliyyət modellərinə verir. Bu mərhələdə jurnalistika artıq öz diqqətini cəmiyyətdə baş verən proseslərin, hadisələrin daha dərin işıqlandırılmasına, faktların və şərhlərin mötəbərliyinə yönəldir, öz fəaliyyətində sosial elmlərin, politologiyanın nailiyyətlərinə, ekspertlərin obyektiv fikirlərinə və proqnozlarına istinad edir. Çünki cəmiyyətdə baş verən hadisələrin, təbəddülatların olduğu kimi, düzgün dərk olunması bəzən əlavə informasiya verilməsini tələb edir. Başqa sözlə, tarixi kontekstin təqdimatına, siyasi sferada baş verən proseslərin qarşılıqlı əlaqəsinin, iqtisadi situasiyanın şərhinə ehtiyac duyulur.
Bu zaman yeni bir mənzərə yaranır: obyektivlik, dəqiqlik, əsaslandırma tələblərinə alternativ olaraq yeni jurnalizm metodları ortaya çıxır ki, onun da fərqləndirici xüsusiyyəti subyektivlik, publikasiyanın məzmununa müəllifin rəyinin, hadisəyə münasibətinin, hətta bədii uydurma elementlərinin əlavə olunmasıdır. Uğursuz, yersiz əlavələr jurnalistikanı reallıqdan uzaqlaşdırır. Bu halda yeni jurnalizm ictimai həyatda yazıçı rolunda çıxış edir. Yaranmış mənzərəni belə də ifadə etmək olar: reportyor hadisə haqqında məlumat verir, jurnalist hadisə barədə insanların nə düşündüyünü çatdırır, yazıçı isə hadisəyə öz münasibətini ifadə edir.

Müasir mətbuatın fəaliyyətinin obyektiv təhlili göstərir ki, yuxarıda qeyd etdiyimiz nəzəri konstruksiyalar bugünkü jurnalistikada özünü o qədər də qabarıq büruzə vermir. Çünki indiki dövrdə kütləvi informasiya vasitələri steril fəaliyyət göstərmir, mətbuat real həyatın çətinlikləri, səciyyəvi amilləri, ziddiyyətləri fonunda ictimai münasibətlər sisteminin tərkib hissəsi olaraq cəmiyyətin digər təsisatlarının qarşılıqlı təsirini hiss etməkdədir.

Qeyd etmək lazımdır ki, şəxsiyyətin iradə azadlığını qəbul edən, rasionalizm fəlsəfəsinə, insanın təbii hüquqlarına istinad edən liberal modelə görə, kütləvi kommunikasiya vasitələri hökumətin və digər hakimiyyət institutlarının fəaliyyətinə mühüm ictimai nəzarət orqanıdır.

XV əsrin 40-50-ci illərində İohan Qutenberqin çap maşınını ixtira etməsindən sonra nəşr edilən qəzetlər içərisində “Niewe Tydingen” (1605, Antverpen), “La Gazette” (1631, Fransa),”Leipziger Zeitung” (1661, Almaniya), “London Gazette” (1665, İngiltərə), “Ведомости” (1702, Rusiya) xüsusi yer tutur.

Görkəmli mütəfəkkir, maarifçi-demokrat Həsən bəy Zərdabinin böyük zəhmət və fədakarlıqla 1875-ci ildə nəşr etdiyi “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının ilk nümunəsi olaraq ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında inqilabi rol oynadı, özündən sonra Azərbaycan jurnalistikasının qarşısında geniş üfüqlər açdı.

“Əkinçi” qəzetindən sonra nəşr edilən mətbu orqanlar içərisində “Ziya” (1879-1880), “Ziyayi Qafqaziyyə” (1880-1884), “Kəşkül” (1883-1891), “Kaspi” (1881-1919), “Şərqi Rus” (1903-1905), “Həyat” (1905-06), “İrşad” (1905-1908), “Molla Nəsrəddin” (1906-1931), “Təkamül” (1906-1907), “Füyuzat” (1906-1907), “Açıq söz” (1915-1918) və başqa qəzet və jurnallar insanların dünyagörüşünə, ictimai-siyasi mövqeyinə təsir baxımından önəmli yer tuturdular.
1917-ci ildə Rusiya imperiyasının çökməsindən sonra milli ucqarlarda baş verən siyasi oyanış yeni dövlətlərin meydana gəlməsi ilə nəticələndi. 1918-ci ildə yaradılmış Zaqafqaziya Seymi Cənubi Qafqazda ali dövlət hakimiyyəti səlahiyyətinə malik olsa da, Seymə daxil olan müsəlman, gürcü və erməni fraksiyaları arasında ciddi fikir ayrılığı bu qurumun fəaliyyətini iflic edirdi. Bu səbəbdən 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdi. Milli dövlət quruculuğu üçün tarixi şans yarandı. Mayın 27-də Seymin müsəlman fraksiyası Azərbaycan Müvəqqəti Milli Şurasının yaradılması barədə qərar qəbul etdi və mayın 28-də Azərbaycanın müstəqilliyini elan edən İstiqlal Bəyannaməsi qəbul olundu. Bəyannamədə bildirilirdi ki, müstəqil Azərbaycan dövlətinin “şəkli-idarəsi Xalq Cəmiyyəti olaraq təqərrür ediyor”. Bəyannamənin beşinci bəndində deyildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti “ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan” verdi.

1918-ci il iyunun 17-də Milli Şuranın ləğvindən sonra ölkədə yaranmış gərgin və mürəkkəb vəziyyəti nəzərə alan hökumət iyunun 23-də ölkə ərazisində hərbi vəziyyət elan etdi. Siyasi durumu təhlil edən hümmətçilər və bolşeviklər dərhal fəallaşmağa başladılar.

Türk-müsəlman sosial-demokratların orqanı kimi 1919-cu il avqustun 29-da nəşr edilən “Kommunist” qəzetinin ilk nömrəsi ictimai-siyasi məzmun və ictimai rəyə təsir baxımından heç də təhlükəli sayıla bilməzdi. Bu xüsusi buraxılış siyasi-ideoloji mübarizə məfkurəsindən uzaq xatirə nəşri idi. Lakin ölkədəki mürəkkəb durumu diqqət mərkəzində saxlayan Müsavat polisi bu nəşrə sərt reaksiya verdi: qəzetin nüsxələri müsadirə edildi, nəşri qadağan olundu. 1920-ci ilin əvvəllərində Azərbaycanın daxili siyasi həyatı xeyli sabitləşdi. Yanvarın 11-də Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın müstəqilliyinin “de-fakto” tanınması barədə qərar qəbul etdi. Belçika, Hollandiya, İsveç, Finlandiya və başqa dövlətlər Bakıda öz nümayəndəliklərini açmağa başladılar. Təəssüf ki, ölkənin həyatında yaranan sabitlik uzun sürmədi. Yerli bolşeviklər milli hökumətə qarşı fəal mübarizə aparsalar da, öz qüvvələri ilə dövlət çevrilişi etmək iqtidarında deyildilər. Bu səbəbdən də onlar bolşevik Rusiyasının təcavüzünə ümid bəsləyirdilər.

RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin 2 yanvar 1920-ci il tarixli nota ilə Rusiya adından Azərbaycan hökumətindən tələb edirdi ki, Cənubi Rusiya Silahlı Qüvvələrinin ali baş komandanı, ağqvardiyaçı general Anton Denikinə qarşı müharibəyə başlasın. 1920-ci ilin fevral-mart aylarında verilən notalarda da belə tələblər irəli sürülürdü. Əslində, bu notalar bolşevik Rusiyasının Azərbaycana hərbi təcavüz və müdaxilə niyyətini pərdələmək üçün diplomatik manevr idi. Aprelin 25-26-da XI Qızıl Ordu Azərbaycanın şimal sərhədini keçdi. Azərbaycanın əsas hərbi qüvvələri qərb cəbhəsində olduğundan rus ordusunun təcavüzünün qarşısını almaq mümkün olmadı. Aprelin 27-də bolşeviklər RK (b)P Qafqaz Ölkə Komitəsinin Bakı Bürosu adından Azərbaycan parlamentinə hakimiyyətin bolşeviklərə verilməsi barədə nota təqdim etdilər. Parlamentin aprelin 27-də keçirilən sonuncu iclasında hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında qərar qəbul olundu. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyətdən sonra Rusiyanın hərbi təcavüzü nəticəsində süqut etdi.

Bolşevik hakimiyyətinin möhkəmləndirilməsi, yerli əhalinin milli-siyasi müqavimətinin aradan qaldırılması, geniş xalq kütlələrinin etirazının qarşısının alınması, sovet ideologiyasının təbliğinin gücləndirilməsi yeni mətbu orqanların yaradılmasını və bu sahənin bütövlükdə ciddi nəzarət altında saxlanmasını tələb edirdi.

Bolşeviklər aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin demokratik mətbuat orqanı olan “Azərbaycan” qəzetinin redaksiyasına gələrək qəzetin redaktoru vəzifəsini icra edən Üzeyir bəy Hacıbəylini (həmin vaxt qəzetin baş redaktoru Ceyhun bəy Hacıbəyli Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində Fransada idi) işdən kənarlaşdırmaqla 1919-cu ildə fəaliyyəti dayandırılmış “Kommunist” qəzetinin nəşrini bərpa etdilər. “Azərbaycan” qəzetinin kollektivinin iştirakı ilə aprelin 30-da “Kommunist” qəzetinin ilk sayı nəşr olundu və qəzetin bütün maddi-texniki bazası “Kommunist”in sərəncamına verildi.
Bolşevik hakimiyyəti dönəmində Azərbaycanın siyasi və iqtisadi məsələlərin həllində müstəqilliyi və onun xalqın iradəsini həyata keçirəcək bir dövlət olması haqqında düşünmək sadəlövhlük olardı. İosif Stalinin Azərbaycanın müstəqilliyinə tərəfdar olmamasını açıq bildirməsi, ölkənin gələcəkdə Rusiyanın tərkibinə birləşdirilməsi istiqamətində atılan məkrli addımlar aşkar duyulurdu.

Bu məqsədə çatmaq ­yolunda mətbuatın, o cümlədən, “Kommunist”in fəaliyyətinə ümid bağlayan mərkəzi hakimiyyət ciddi yanılırdı. Ceyhun və Üzeyir bəy Hacıbəylilərin yüksək milli məfkurə, sağlam düşüncə sahibləri arasından seçib formalaşdırdıqları kollektivdə çalışan milli məfkurəli ziyalıları kommunist ideologiyasının müti daşıyıcılarına çevirmək müşkül məsələ idi.

Rəhbər heyətində rusların, ermənilərin və qeyri-türklərin çoxluq təşkil etdiyi Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin milli maraqlarımıza zidd olan qərarları kollektivdə çalışan millətçi ziyalılar tərəfindən açıq narazılıqla qarşılanır, ciddi tənqid olunurdu.
Seyid Cəfər Cavadzadə (Pişəvəri), Nemət Bəsir Hacıyev, Məmməd Səid Ordubadi, Əhməd Triniç, Hənəfi Zeynallı, Məmmədqulu Əlixanov, Xudadat bəy Əzizbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Seyid Hüseyn, Xəlil İbrahim, Fərhad Ağazadə kimi milli ziyalıların cəmləşdiyi kollektiv xalqın, millətin maraqlarına xəyanət edə bilməzdi. Ölkənin tərəqqisi, millətin yüksəlişi, elmin, mədəniyyətin inkişafı, milli kadrların hazırlanması və mühüm rəhbər vəzifələrə irəli çəkilməsi millətsevər, vətənpərvər kollektivin gündəmdə saxladığı, mübarizə amalına çevirdiyi əsas mövzular idi.

Mülkiyyətin milliləşdirilməsi, kollektivləşmə prosesində yol verilən qanunsuzluqlar, sənayeləşdirmə proqramı həyata keçirilərkən Azərbaycana zəif diqqət yetirilməsi, savadsızlığın ləğvi prosesindəki çoxsaylı nöqsanlar, milli siyasətin düzgün aparılmaması, digər respublikalarla müqayisədə Azərbaycana ögey münasibət göstərilməsi “Kommunist”in səhifələrində ciddi tənqidə məruz qalırdı. Dəqiqlik, obyektivlik, vicdanlılıq, qərəzsizlik kimi mötəbər kriteriyalara böyük önəm verən milli məfkurə sahiblərinin prinsipial məsələlərdə sərt, obyektiv mövqe nümayiş etdirməsi onların bir həqiqəti “Washinqton Post” qəzetinin sahibi Yucin Meyerdən daha əvvəl dərk etdiklərini deməyə imkan verir. Yucin Meyer hesab edirdi ki, qəzetin birinci dərəcəli vəzifəsi mümkün olan qədər həqiqəti axtarmaq və xəbər verməkdir.

Obyektivlik, operativlik və dəqiqlik prinsiplərinə dönmədən əməl olunması tezliklə “Kommunist”i ictimai-siyasi müstəvidə ön plana çıxardı. Qəzetlə sıx əməkdaşlıq edən ziyalılar içərisində Cəlil Məmmədquluzadə, Bəkir Çobanzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Yusif VəzirÇəmənzəminli, Əli Nazim, Murtuza Nağıyev, Əhməd Cavad, Vəli Xuluflu, Salman Mümtaz və başqaları demokratik düşüncə tərzi və yüksək vətəndaşlıq mövqeyi ilə xüsusi fərqlənirdilər.

Gənc vətənpərvər Əyyub Xanbudaqovun “Milli məsələyə dair”, Həmid Sultanovun “Yoxsul” imzası ilə çap etdirdiyi məqalələr AK (b) P MK-da ciddi narazılıq doğurmuşdu. “Kommunist”in ölkədəki vəziyyəti əks etdirən, real faktlara söykənən, lakin partiya-sovet orqanlarının siyasi xətti ilə bəzən açıq ziddiyyət təşkil edən fəaliyyəti mərkəzin diqqətindən yayınmamışdı. Mərkəzi Komitənin qəti hücuma keçmək göstərişini çox gözləmək lazım gəlmədi. Repressiya maşını hərəkətə gəldi, tapşırıq kifayət qədər sərt və ağır idi: “ilan yuvası” olan “Kommunist” qəzeti redaksiyası “millətçi ünsürlərdən” təmizlənməlidir!

 “Kommunist” qəzetində çalışan milli məfkurə sahibləri tapşırığın icrası prosesində zaman-zaman təqiblərə məruz qaldılar, ağır cəzalandırıldılar. Lakin bu tapşırığı verənlər, repressiya maşınının arxasında duranlar da özlərini qoruya bilmədilər. Necə deyərlər, inqilab öz “balalarını” da “yedi”. Müxtəlif vaxtlarda “Kommunist” qəzetinə rəhbərlik etmiş Ruhulla Axundov, Əliheydər Qarayev, Ağababa Yusifzadə, Böyükağa Talıblı, Həbib Cəbiyev, Əhməd Triniç də 1937-1938-ci illərin repressiya dövründən sağ çıxa bilmədilər, güllələndilər. 

Mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu qəzet Azərbaycanda, sözün həqiqi mənasında, böyük jurnalistika məktəbinə çevrilmiş, öz ətrafında çoxsaylı fəhlə-kəndli müxbirləri toplamışdı. “Kommunist”in öz dövrü üçün qabaqcıl maddi-texniki baza ilə təchizatına xüsusi fikir verilirdi. O vaxtlar dünyanın inkişaf etmiş ölkələrində amerikalı mühəndis Otmar Mergentalerin icad etdiyi linotip avadanlıqlarından istifadə olunurdu. Təkcə bir faktı diqqətə çatdırmaq istərdim: ərəb əlifbası ilə sətri mətn yığan ilk linotip mətbəə avadanlığı bütün müsəlman Şərqində ilk dəfə Azərbaycanın sifarişi ilə hazırlanmışdır. Almaniya və Fransada hazırlanan linotip avadanlığı layihələri Azərbaycan dilinin tələblərinə cavab vermədiyindən Ruhulla Axundov və “Bakinski raboçi” qəzetinin redaktoru Mixail Osipoviç Livşits ABŞ-a ezam olunmuşdular. ABŞ-da hazırlanmış linotip avadanlıq 1925-ci ildə Bakıya gətirilərək istifadəyə verildi. İş prosesində ortaya çıxan qüsurlar sifarişçinin və istehsalçının birgə səyləri ilə aradan qaldırıldı.

1930-cu illərdə qəzetin səhifələrində xalq təsərrüfatının inkişafına, elmin, mədəniyyətin nailiyyətlərinin təbliğinə daha çox yer ayrılırdı.

İkinci dünya müharibəsi illərində cəbhə xəbərləri, müharibədə iştirak edən oğul və qızlarımızın qəhrəmanlığı, arxa cəbhədə çalışanların fədakarlığı geniş işıqlandırılan əsas mövzulara çevrildi. Müharibədən sonrakı bərpa və quruculuq işləri, Mingəçevir Su Elektrik Stansiyasının tikintisi, Mingəçevir, Sumqayıt, Şirvan, Daşkəsən şəhərlərinin, Neft daşlarının salınması və digər önəmli məsələlər heç bir mətbuat orqanında “Kommunist”in səhifələrində olduğu qədər öz əksini tapmamışdır.

Xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçildikdən sonra qəzetin və onun kollektivinin həyatında yeni bir dönəm başladı.

Ulu öndər Heydər Əliyev 1969-cu il sentyabrın 18-də “Kommunist” qəzetinin Azərbaycan Akademik Dram Teatrında keçirilən 50 illik yubileyində ana dilimizdə çıxış edərək qəzetin müharibə dövründəki fəaliyyətinə xüsusilə yüksək qiymət vermişdir: “Təpədən dırnağa qədər silahlanmış hitlerçi quldur dəstələri ölkəmizə basqın etdikdə və Böyük Vətən müharibəsi başladıqda “Kommunist” qəzeti müharibənin ilk günlərindən öz kəsərli silahını azğın düşmənə yönəltmişdi... Onun hiddət dolu sətirləri Azərbaycanın mərd övladlarını döyüşə çağırır, onları faşizm üzərində tam qələbə çalmağa ruhlandırırdı. Cəbhədən alınıb qəzetin səhifələrində dərc olunan xəbərlər arxa əməkçilərinin qoluna onqatqüvvət verir, onları ... müqəddəs qələbə naminə fədakar əməyə ruhlandırırdı”.

1967-1969-cu illərdə respublika Dövlət Təhlükəsizliyi Komitəsinə uğurla rəhbərlik etmiş Heydər Əliyev ölkə iqtisadiyyatındakı geriliyin, mövcud nöqsanların səbəblərini yaxşı bilirdi.Azərbaycanın rəhbəri seçildikdən sonra keçirilən müşavirə və yığıncaqlarda həyatın müxtəlif sahələrindəki geriliyin səbəblərini obyektivliklə təhlil edən Heydər Əliyev ölkədə iqtisadiyyatın, elmin, mədəniyyətin dinamik və sürətli inkişafını təminetmək üçün kompleks proqram və layihələr irəli sürürdü. Ulu öndər Kremldə böyük nüfuzundan istifadə edərək 1970-1979-cu illərdə Azərbaycanda xalq təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsinə dair Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin beş dəfə birgə qərarının qəbuluna nail olmuşdur. Bu qərarların icrasına İttifaq büdcəsindən milyardlarla rubl vəsait ayrılmışdı. “Kommunist” qəzeti avanqard mətbuat orqanı kimi həyata keçirilən bu tədbirlərin işıqlandırılmasında ön sırada idi və ulu öndər Heydər Əliyevin ən yaxın köməkçisinə çevrilmişdi.

Sənayenin inkişafı, neft emalı sahəsindəki yeniliklər, 1976-cı ildə Yeni Bakı neftayırma, 1982-ci ildə Bakı neftayırma zavodlarında ELOU-AVT qurğusundan istifadəyə başlanması, 1971-ci ildə birinci Kür – Bakı, 1988-ci ildə ikinci Kür – Bakı su kəmərlərinin çəkilişi, 1975-ci ildə Bakı Məişət Kondisionerləri, 1985-ci ildə Dərin Dəniz Özülləri zavodlarının, 1983-cü ildə Qroznı – Bakı neft kəmərinin inşası qəzetin xüsusi diqqət mərkəzində idi. Dərc edilən çoxsaylı məqalələr, şərhlər, qeydlər, məktublar, oçerk və felyetonlar nəhəng quruculuq epopeyasının epoxal salnaməsi kimi bu gün də öz əhəmiyyətini saxlayır, tədqiqatçılar, mütəxəssislər tərəfindən öyrənilir, yüksək dəyərləndirilir.

Respublikada maşınqayırma sənayesinin, elektrotexnika, radiotexnika, cihazqayırma müəssisələrinin, Sumqayıt kimya-sənaye kompleksinin, regionlardakı fabrik və zavodların fəaliyyəti barədə qəzet geniş oxucu auditoriyasına obyektiv, operativ məlumatlar verirdi.
Mixail Qorbaçovun aşkarlıq və yenidənqurma siyasətinin mənfi təzahürləri, bəzi müttəfiq respublikalardakı millətçi və ekstremist ünsürlərin separatizmə rəvac verməsi 1980-ci illərin ikinci yarısında SSRİ məkanında xaos və anarxiya mühitinin baş alıb getməsi ilə nəticələndi. Erməni silahlı quldur dəstələrinin Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına yönəlmiş cinayətkar əməllərinə qarşı cəmiyyətin, geniş xalq kütlələrin səfərbər olunması, Ermənistanın işğalçılıq siyasətinin ifşası “Kommunist”in vətənpərvər kollektivinin məslək, əqidə borcuna çevrilmişdi.

Qəzetdə dərc olunmuş “Topxana harayı” məqaləsi milyonları ayağa qaldırıb meydanlara topladı. Çox keçmədi ki, xalq hərəkatı nəhəng milli-azadlıq mübarizəsinə çevrildi. Milli-azadlıq mübarizəsi müstəqilliyə gedən yola işıq tutdu. Bu yola ilk qədəm qoyan mətbuat orqanlarından biri də Kommunist Partiyasının SSRİ-də qadağan olunmasından xeyli əvvəl AKP MK-nın təsisçiliyindən imtina edərək, 1991-ci il avqustun 27-dən sonra “Xalq qəzeti” adı ilə çıxmağa başlayan “Kommunist” qəzeti idi.“Xalq qəzeti” o gündən zamanın çağırışına, azadlıq və müstəqillik ideallarına adekvat reaksiya verərək yeni yola qədəm qoydu.

Ölkəmizin müstəqillik əldə etməsi ağır, mürəkkəb və ziddiyyətli bir dövrə təsadüf edirdi.Qarşıda duran mühüm strateji vəzifələrin, siyasi, iqtisadi, hüquqi islahatların həyata keçirilməsi o qədər də asan deyildi. Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə hökm sürən anarxiya, hərc-mərclik, erməni təcavüzü, torpaqlarımızın işğalı siyasi, iqtisadi, hərbi böhrana səbəb olmuş, ölkəyə ağır zərbələr vurmuşdu. Belə bir vəziyyətdə qədirbilən xalqımız görkəmli dövlət xadimi Heydər Əliyevə üz tutdu və onu hakimiyyətə dəvət etdi. Xalqın təkidli tələblərindən sonra hakimiyyətə qayıdan Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi, hərbi islahatlar sayəsində sabitlik bərpa olundu. Cəbhədə atəşkəs əldə edildi, ölkənin maliyyə vəziyyəti yaxşılaşdı. “Əsrin müqaviləsi” imzalandı, xarici sərmayədarlar respublikaya dəvət olundu. Xarici siyasətin əsas prinsipləri və istiqamətləri müəyyənləşdirildi.

Qürur doğuran faktdır ki, “Xalq qəzeti” bütün bu prosesləri fəal işıqlandıran mətbu nəşrlər arasında xüsusi fərqlənirdi. Ulu öndər Heydər Əliyev qəzetin bu yoldakı xidmətlərini çox yüksək dəyərləndirirdi. Müdrik dövlət xadiminin “Xalq qəzeti”nin 75 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrik məktubunda deyilirdi: “Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və yaradıcılıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü əzrində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü ­olmuşdur”.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin şanlı səhifəsi kimi “Xalq qəzeti”nin səhifələrində xüsusi yer tuturdu. Müstəqilliyin dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, azərbaycançılıq məfkurəsinin mükəmməl ideologiya kimi işlənib hazırlanması, iqtisadi inkişaf üçün möhkəm təməl yaradılması, milli-mənəvi yüksəliş yolunda reallaşdırılan kompleks tədbirlər, mükəmməl strategiya yeni dövrün quruculuq salnaməsinin yaradılması yönündə mətbuatın, o cümlədən “Xalq qəzeti”nin qarşısında mühüm vəzifələr qoydu.
Ulu öndər kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının yaradılmasına, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi qayğı göstərirdi. Mətbuat orqanlarının “Azərbaycan” nəşriyyatına borclarının dondurulması və sonra dövlət büdcəsi hesabına ödənilməsi, KİV üzərində senzuranın ləğvi demokratik cəmiyyətin mühüm atributu olan azad sözün, müstəqil mətbuatın inkişafına güclü təkan verdi.
Ümummilli lider Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi kurs bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müdrikliklə, yaradıcılıqla inkişaf etdirilir. Azərbaycan Prezidentinin media siyasətinin fəlsəfəsini güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, cəmiyyətə doğru informasiya verən, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşmasına və inkişafına dəstək və qayğı göstərilməsi təşkil edir.

Prezident İlham Əliyevin son 16 ildə imzaladığı fərman və sərəncamlar, o cümlədən 31 iyul 2008-ci il tarixli sərəncamla “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, bu konsepsiyaya uyğun olaraq, dövlət başçısının 3 aprel 2009-cu il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, həmçinin mətbuat işçilərinin vaxtaşırı təltif olunması, onlara fəxri adların verilməsi, “Kütləvi İnformasiya Vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamlar, mətbuat işçiləri üçün üç çoxmərtəbəli və çoxmənzilli binanın tikilməsi və jurnalistlərin böyük bir qrupunun tam şəraitli mənzillərlə təmin olunması Azərbaycan dövlətinin azad sözə, müstəqil mətbuata qayğısının parlaq nümunəsidir.

Prezident İlham Əliyevin KİV-in azad fəaliyyətinə, fikir plüralizminə münasibəti birmənalıdır və təqdirəlayiqdir. Dövlət başçısı azad mətbuatı, jurnalistlərin əməyini yüksək dəyərləndirərək demişdir: “Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən çox yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir”.

Azərbaycanın inkişafının indiki mərhələsində qarşıda duran əsas vəzifələrdən biri ölkənin çağdaş siyasi tarixinin, uğurlu xarici siyasətinin, ərazi bütövlüyü və suverenliyinin tam təmin olunmasının, dünya iqtisadiyyatına inteqrasiya prosesinin, strateji əhəmiyyət kəsb edən islahatlar kursunun, nəhəng beynəlxalq layihələrin reallaşdırılması istiqamətində möhtəşəm konsepsiyanın icrasının operativ, əhatəli və olduğu kimi qələmə alınmasıdır.

Keçdiyi mətbu yolun, uğurlu fəaliyyətinin 100 illik yubileyini qeyd edən “Xalq qəzeti”nin kollektivi bundan sonra da Vətənimizə, dövlətçiliyimizə və xalqımıza sədaqətlə, ləyaqətlə, şərəflə xidmət etmək əzmindədir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

QMİ sədri: Azərbaycanda Aşura günü ənənəsi hələ də yaşadılır

QMİ sədri Allahşükür Paşazadə Səudiyyə kralı ilə görüşüb (FOTO)

QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verib

QMİ rəsmisi: Qurban bayramının xüsusiyyətlərindən biri din ayrı-seçkiliyinə yol verilməməsidir

AQTA və QMİ-dən Qurban bayramı ilə bağlı mühüm tövsiyələr

QMİ qurban kəsimi ilə bağlı tövsiyələrini açıqlayıb

QMİ sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

QMİ sədri İslam dünyasına töhfələrinə görə Qahirədə mükafata layiq görülüb

QMİ sədri Allahşükür Paşazadə BƏƏ-yə gedib

QMİ sədri Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb

QMİ 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

QMİ dini nikahla bağlı qaydaları pozan din xadimləri barədə cəza tədbirləri görəcək

QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib

QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verib

Həcc ziyarətinə­ gedən zəvvarların he­ç bir çətinlikləri yo­xdur - QMİ sədri

QMİ sədrinin 1-ci müavini Misirin səfirini qəbul edib

QMİ sədri KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının 18-ci sessiyasında iştirak edib

AQTA və QMİ arasında razılıq əldə olunub

QMİ sədri Dağıstana səfər edib

QMİ sədri İranın mədəniyyət naziri ilə görüşüb

17 Sentyabr 2019, 18:10 (GMT +4)
Novruz Məmmədov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

17 Sentyabr 2019, 18:01 (GMT +4)
ETSN-də bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

17 Sentyabr 2019, 17:53 (GMT +4)
Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb

17 Sentyabr 2019, 17:48 (GMT +4)
Gömrükçülər 2 milyon manat dəyərində dərman preparatları aşkar edib (FOTO)

17 Sentyabr 2019, 17:41 (GMT +4)
Yaxın Şərqdə sabitlik üçün nüvə sazişinə qayıtmaq lazımdır - Angela Merkel

17 Sentyabr 2019, 17:38 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

17 Sentyabr 2019, 17:20 (GMT +4)
AtaBank-ın “VİZA göstər, VİSA Al” kampaniyası davam edir

17 Sentyabr 2019, 17:12 (GMT +4)
Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

17 Sentyabr 2019, 17:05 (GMT +4)
Bakı Uşaq Teatrı yeni mövsümə start verir

17 Sentyabr 2019, 16:59 (GMT +4)
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub

17 Sentyabr 2019, 16:52 (GMT +4)
42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb

17 Sentyabr 2019, 16:45 (GMT +4)
Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

17 Sentyabr 2019, 16:25 (GMT +4)
Səudiyyə kralı ölkə neft təsisatlarına hücum edən qüvvələrə xəbərdarlıq edib

17 Sentyabr 2019, 16:25 (GMT +4)
“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

17 Sentyabr 2019, 16:19 (GMT +4)
"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

17 Sentyabr 2019, 16:13 (GMT +4)
“Bakı Səyahətlər Bazarı” 20 ölkənin nümayəndələrini bir araya gətirib

17 Sentyabr 2019, 15:59 (GMT +4)
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib

17 Sentyabr 2019, 15:57 (GMT +4)
Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizi üzrə məsləhətləşmələr keçirilib

17 Sentyabr 2019, 15:36 (GMT +4)
Mosulun «Mona Lizası»nın iki il sonra yeni fotoları yayımlanıb (FOTO)

17 Sentyabr 2019, 15:32 (GMT +4)
Azərbaycan Parisdə “Çay şəhərciyi”ndə təmsil olunacaq

17 Sentyabr 2019, 15:16 (GMT +4)
AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

17 Sentyabr 2019, 15:07 (GMT +4)
Talibanın nümayəndə heyəti danışıqlar məqsədilə Tehrana gedib

17 Sentyabr 2019, 14:57 (GMT +4)
Azərbaycanda iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılır

17 Sentyabr 2019, 14:48 (GMT +4)
Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib

17 Sentyabr 2019, 14:26 (GMT +4)
Bakı Marionet teatrı Beynəlxalq Festivalda səhnə alacaq

17 Sentyabr 2019, 14:02 (GMT +4)
Çempionlar Liqasında qrup mərhələsi start götürür

17 Sentyabr 2019, 13:50 (GMT +4)
Əfqanıstanda seçki kompaniyası toplantısı zamanı partlayış törədilib - Azı 25 ölü var

17 Sentyabr 2019, 13:49 (GMT +4)
Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub

17 Sentyabr 2019, 13:38 (GMT +4)
Yeddi ay ərzində Azərbaycanda 80 minə yaxın körpə doğulub

17 Sentyabr 2019, 13:20 (GMT +4)
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66