Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək15 Fevral 2019, 10:28 (GMT +4) Bakı, 15 fevral, SalamNews. Prezident İlham Əliyevin “Görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi hazırlıq işləri aparılır.
AMEA-dan SalamNews-a bildirilib ki, bu münasibətlə akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik institutlarında, habelə Memarlıq və İncəsənət, Fəlsəfə və Tarix institutlarında, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Hüseyn Cavidin ev-muzeyində elmi konfrans və sessiyalar, sərgilər təşkil olunacaq. Həmçinin AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri ilə Cəfər Cabbarlının ev-muzeyi birgə respublika miqyasında elmi konfrans keçirəcək.
Bundan başqa, Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan “Kazım bəy” romanı və məktubları ilk dəfə kitab halında nəşr olunacaq. Bu əsərləri filologiya elmləri doktoru, professor Asif Rüstəmli aşkar edib.
Əlyazmalar İnstitutunda isə Cəfər Cabbarlının şəxsi arxivi rəqəmsallaşdırılır. Böyük yazıçının şəxsi arxivində 2 mindən çox sənəd var.
AMEA alimləri ölkə miqyasında keçiriləcək tədbirlərdə də yaxından iştirak edəcəklər.
|