BŞH-nin əməkdaşı FIA-nın Baş Assambleyasında məruzə ilə çıxış edib17 Dekabr 2018, 11:58 (GMT +4) Bakı, 17 dekabr, SalamNews. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tibb idarəsinin direktor müavini Vaqif Nəbiyev dekabrın 3-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyası çərçivəsində “Tibbi Sammit və Baş Tibb Mütəxəssisləri üçün Seminar”da məruzə ilə çıxış edib.
SalamNews xəbər verir ki, sammitdə bir sıra tematik mövzular ilə yanaşı əsas olaraq antialkoqol qaydaları (anti-alcohol regulations) və həyat üçün təhlükəli zədələrin (life threatening injury) müzakirəsi aparılmışdır və praktiki məşğələlər təşkil olunmuşdur. Tədbirdə Vaqif Nəbiyev “Yol qəzaları səhnəsində tənəffüs yollarının bərpası üsulları” (Airway management in an accident scene) mövzusunda çıxış etmişdir.
Xəstəxanadan kənar, bilavasitə qəza hadisəsi yerində müxtəlif Krikotiroidatomiya üsulları nəzərdən keçirilmişdir (Fast Outdoor Cricothyroidotomy Technique). Bildirilmişdir ki, HALO və gücləndirilmiş çəpərlərə görə yarış zamanı sifət travması riskinin az olmasına baxmayaraq, kritik şəraitdə tənəffüs yollarının bərpası metodları öz aktuallığını itirməyib. Daim təcrübənin artırılması ümumilikdə təbabət praktikasında müsbət nəticələrə gətirib çıxardaraq hətta, nə vaxtsa, tək bir insan həyatını xilas edə bilər. Sonda V. Nəbiyevin məruzəsi Tibbi Sammit çərçivəsində ən maraqlı çıxışlardan biri hesab olunmuşdur və FIA Medikal Komissiyasının Prezidenti professor Cerard Saylond (Gérard Saillant) tərəfindən yüksək qiymətləndirilərək məruzənin FIA-nın saytında yerləşdirilməsi qərara alınmışdır.
Qeyd edək ki, Vaqif Nəbiyevin təqdimatı azərbaycan dilinə tərcümə olunacaq və Azərbaycan Qran Prisində iştirak edəcək təcili yardım həkimlərinə yarış vaxtı və gündəlik həyatda qəza zamanı bu üsuldan istifadə etmələri üçün təqdim edilərək təlimlər təşkil olunacaq. “Tibbi Sammit və Baş Tibb Mütəxəssisləri üçün Seminar” Baş Assambleya çərçivəsində FIA- nın Tibb Departamenti və Rusiya Avtomobil Federasiyasının təşkilatçılığı ilə həyata keçirilmişdir.
Dünyanın 50 ölkəsindən 300-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə FIA-nın prezidenti Jan Todt (Jean Todt), dünyanın bir çox ölkələrinin avtomobil federasiyalarının rəhbərləri iştirak ediblər.
|