KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 08 Sentyabr 2017, 12:44 (GMT +4) Bakı, 8 sentyabr, SalamNews. Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” Layihəsi çərçivəsində ölkədə süd məhsulları dəyər zənciri araşdırılacaq və dəstəklənəcək.
Nazirlikdən SalamNews-a verilən məlumata görə, dəyər zəncirinin araşdırılması və qiymətləndirilməsi məqsədilə layihəyə beynəlxalq məsləhətçi şirkət cəlb edib. Tender nəticəsində seçilmiş qlobal “Stewart Routlege MENA” şirkəti ilə müqavilə imzalanıb.Kənd Təsərrüfatı naziri Heydər Əsədov şirkətin rəhbəri Stüart Rutleci qəbul edib.
Nazir süd məhsulları bazarının ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, son bir neçə ildə kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlıq sahəsinə də diqqət artıb. Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə bir neçə gün əvvəl Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin açılmasının ölkədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində dönüş olacağını vurğulayan nazir süni mayalandırma ilə doğulan buzovlara görə dövlət tərəfindən subsidiya verildiyini bildirib.
Bundan başqa, xaricdən gətirilən cins mal-qaranın “Aqrolizinq” ASC xətti ilə lizinq yolu ilə güzəştlə satılmasının da ölkədə daha məhsuldar cins heyvanların yetişdirilməsinə səbəb olduğunu əlavə edib.
Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” Layihəsi çərçivəsində ölkədə brusellyoz xəstəliyi təhlükəsinin tamamilə aradan qaldırılması kimi əhəmiyyətli fəaliyyətə başlayıb ki, bu da süd məhsulları istehsalına birbaşa təsir edəcək müsbət addımdır.
“Süd məhsulları dəyər zəncirinin inkişafı” komponenti iki mərhələdə həyata keçiriləcək.
|