Gəncə jurnalistləri Əsgər Ağa Goraninin türbəsini ziyarət ediblər (FOTO)22 İyul 2017, 16:38 (GMT +4) Gəncə, 22 iyul, SalamNews, B.İsmayılov. Milli Mətbuat Günü ilə əlaqədar Gəncə jurnalistləri Həsən bəy Zərdabinin məsləkdaşlarından olan, “Əkinçi” qəzetinin yaradıcılarından və yazarlarından Əsgər Ağa Goraninin türbəsini ziyarət ediblər.
SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, altı ildir, hər il edilən bu ziyarət Gəncədə işləyən jurnalistlər üçün ənənə şəklini alıb.
Ziyarətdə bildirilib ki, Əsgər ağa Gorani maarifçilik və xeyriyyəçilik əməlləri ilə də tarixə düşüb. Ömrünün son beş ilini Gəncənin bələdiyyə sədri işləmiş Əsgər Ağanın təşəbbüsü və şəxsi vəsaiti ilə şəhərdə dörd məktəb, bir xəstəxana açılıb, sahil bağı salınıb, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib, Nizami Gəncəvininin türbəsi təmir olunub.
Sonra jurnalistlər Gəncə şəhər İcra Hakimiyyətinin (İH) Milli Mətbuat Günü münasibətilə keçirdiyi tədbirə qoşulublar. Burada mətbuatın bu günümüzədək gəldiyi şərəfli yoldan, ölkə rəhbərinin jurnalistlərin yaşayışını yaxşılaşdlrmaq üçün attığı addımlardan bəhs edilib.
Tədbirin sonunda bir qrup media nümayəndəsinə Gəncə şəhər İH başcısının imzaladığı fəxri fərman və dəyərli hədiyyələr təqdim olunub. Təltif olunanlar arasında SalamNews İnformasiya Agentliyinin bölgə müxbiri Binnət İsmayılov da var.
|