Oftalmologiya Mərkəzində Milli Mətbuat Gününə həsr olunmuş aksiya keçirilir21 İyul 2017, 13:50 (GMT +4)
Bakı, 21 iyul, SalamNews, V.Xaməmmədqızı. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Milli Mətbuat Gününə həsr olunmuş “Gələcəyə sağlam baxış” adlı aksiya keçirilir.
SalamNews xəbər verir ki, media təmsilçilərinin iştirak etdikləri aksiyanı keçirməkdə məqsəd Azərbaycan mediasının səhiyyə, xüsusilə də oftalmologiya sahəsindəki fəaliyyətinə diqqət çəkməkdir.
Aksiya çərçivəsində media təmsilçiləri mətbuat günü ilə əlaqədar olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xidmətlərindən yararlanırlar.
Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yazgül Abdıyevanın sözlərinə görə, gün ərzində bütün media işçilərinin aksiyadan yararlanmaları üçün imkan yaradılıb: "Yeri gəlmişkən, mətbuatın hər zaman əhəmiyyət verdiyi mövzular içərisində səhiyyə sahəsi xüsusi yer tutub. Səhiyyədə baş verən yeniliklər çox qısa bir zaman kəsiyində mediada öz əksini tapır. Xüsusilə göz xəstəlikləri sahəsində atılan bütün addımlar, Səhiyyə Nazirliyinin fəaliyyəti Azərbaycan mediasında ən aktual mövzular sırasındadır. Bu da pasientlərlə həkimlər arasında daha çox yaxınlıq, ünsiyyətə dəstək deməkdir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş verən bütün yeniliklər də medianın diqqətində olur. Nəticədə pasientlər mərkəzin fəaliyyətindəki şəffaflığın, problemlərin, yeniliklərin və s. şahidi olurlar. Mərkəz hər zaman media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verib. Aparılan tədqiqatları, gələcək planları mediadan gizlətməyib, əksinə KİV vasitəsilə cəmiyyətə yayılmasına daha çox maraq göstərib.
Aksiya bu gün saat 16:00-dək davam edəcək.
|