Bakıda jurnalistlər üçün tikilmiş binanın rəsmi açılış mərasimi keçirilir20 İyul 2017, 09:47 (GMT +4) Bakı, 20 iyul, SalamNews, Ş.Nəzərli. Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa edilmiş ikinci yaşayış binasının rəsmi açılış mərasimi keçirilir.
SalamNews xəbər verir ki, açılış mərasimində prezident İlham Əliyev iştirak edir.
Qeyd edək ki, 255 jurnalist ailəsi üçün nəzərdə tutulmuş binada doqquz birotaqlı, 93 ikiotaqlı, 144 üçotaqlı və doqquz dördotaqlı mənzil var. Bir və dördotaqlı mənzillər binanın 15, 16 və 17 ci-mərtəbələrində yerləşir.
İkiotaqlı mənzillərin ümumi sahəsi 65-74, üçotaqlı mənzillərin sahəsi 89-131, dördotaqlı mənzillərin sahəsi isə 150 kvadratmetrdir.
Üç və dördotaqlı mənzillərdə bütün ləvazimatlarla təchiz olunmuş iki sanitariya qovşağı quraşdırılıb. Mətbəxlərdə qaz peçi, yanğına qarşı siqnalizasiya və su kranı-şkafı var. Üçbloklu binanın hər blokunda iki sürətli lift işləyəcək. Geniş həyətdə şəxsi avtomobillərin park edilməsi üçün müvafiq şərait yaradılıb.
Sakinlərin şəhər nəqliyyatından rahat istifadəsi üçün yaxınlıqdakı magistral yolda yeni avtobus marşrutu açılacaq və dayanacaq tikiləcək. Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə yerüstü keçid-körpü inşa ediləcək, həmçinin piyada keçidlərində zolaqlar çəkiləcək və çıraqbənd (işıqfor) quraşdırılacaq.
Birinci mərtəbəsində supermarket olacaq ikimərtəbəli məişət xidməti binasının gələn ilin ortalarına qədər təhvil verilməsi də planlaşdırılıb.
Gözlənilən yeniliklərdən biri də odur ki, jurnalist evlərinin hazırkı "Yeni Salyan yolu" ünvanının "Jurnalist prospekti" ilə əvəzlənməsi təklifinə də baxılacaq.
|