Moskva mərkəzi məscidinin axundu: Moskvada “Əhli-beyt” cəmiyyəti üçün xüsusi bina ayrılacaq16 Yanvar 2017, 16:16 (GMT +4) Moskva, 16 yanvar, SalamNews, İ.Rüstəmov. "Azərbaycan cəmiyyətinə yaxşı xəbərimiz var. Moskva hökuməti ilə ən yüksək səviyyədə aparılan danışıqlar nəticəsində Moskvada fəaliyyət göstərən “Əhli-beyt” cəmiyyətinə ayrıca binanın ayrılması nəzərdə tutulur".
SalamNews-un Moskva müxbirinin xəbərinə görə, bunu Moskva Müsəlmanlarının Ruhani İdarəsinin sədri, Moskva mərkəzi məscidinin axundu İldar Alyautdinov bildirib.
İ.Alyautdinov müsəlman cəmiyyətinin qarşılıqlı hörmətdən, tolerantlıqdan uzaqlaşdığını bildirib: “Məsciddə ritualların keçirilməsi konfliktlərin yaranmasına səbəb oldu. Buna görə də qərara alındı ki, məzhəblər arasındakı müxtəliflikləri nümayiş etdirməyək. Məsciddə yaşanmış problemdən sonra “Əhli-beyt” cəmiyyətinin ayrıca binası olacaq və onlar fəaliyyətlərini sərbəst surətdə davam etdirə biləcəklər".
"Onlar İslam dininin ənənəvi məzhəbi olaraq Mərkəzi məsciddə hər hansı bir tədbir keçirə bilərlərmi?" sualının cavabında isə Moskva Müsəlmanlarının Ruhani İdarəsinin sədri bildirib: “Əgər biz qardaş azərbaycanlılara bu cür imkan yaratsaq, digər məzhəblərin nümayəndələri də müraciət edərək tədbir keçirmək istəklərini bildirəcəklər. Birinə icazə vermək, digərinə imtina etmək deməkdir. Biz bununla qarşılaşmışıq. Ona görə də bu, ümumi qərardır”.
Ötən il məhərrəm ayı ilə bağlı mərasimlər zamanı məsciddə yaşanmış qarşıdurmada sələfi təriqətinə mənsub şəxslərin rol oynamasını şərh edən Moskva mərkəzi məscidinin axundu İldar Alyautdinov deyib: "Biz onların kim olduğunu bilmirik. Heç bir möminin alnında onun kim olduğu, hansı məzhəbə qulluq etdiyi yazılmayıb. Onu deyə bilərəm ki, insanlar arasında, islam dünyasında islam mədəniyyətinin itirilməsini görürük. Kim isə özünü doğru bilib, digərlərinə "kafir" deməsi islam mədəniyyəti deyil. Yəqin ki, bizə zaman lazımdır ki, hansı məzhəbdən asılı olmayaraq, bir birimizə hörmətlə yanaşmağı öyrənək".
|