Qırğızıstan prezidenti Bişkekdə baş verən təyyarə qəzası ilə əlaqədar matəm elan edib 16 Yanvar 2017, 12:03 (GMT +4) Bakı, 16 yanvar, SalamNews, C.Nəzərov. Qırğızıstan prezidenti Almazbek Atambayev yanvarın 17-sini paytaxt Bişkek ətrafında Türkiyə aviasiya şirkətinə məxsus "Boeing 747" yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə matəm günü elan edib.
SalamNews-un RT-yə istinadla verdiyi xəbərə görə, matəm günü bütün Qırğızıstan ərazisində, eləcə də dövlətin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarında respublikanın dövlət bayrağı yarıya endiriləcək.
“Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev “2017-ci il yanvarın 17-sinin "Boeing 747" yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin xatirəsinə matəm günü elan edilməsi haqqında” sərəncam imzalayıb.", - prezident saytındakı məlumatda söylənilir.
Bundan əvvəl verilən məlumatda təyyarənin qəzaya uğradığı yerdə 31 cəsəd və doqquz cəsəd fraqmentinin tapıldığı bildirilib.
|