"Yaşıl dəhliz" layihəsi vergi mədəniyyətinin yüksəlməsinə səbəb olacaq - Ələkbər Məmmədov14 Dekabr 2016, 12:31 (GMT +4) Bakı, 14 dekabr, SalamNews, K.Orxan. Vergilər Nazirliyi vergi ödəyicilərinə 174 adda xidmət göstərir. Bunların 63 adda olanı elektron xidmətlərdir.
SalamNews xəbər verir ki, bu barədə bu gün Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində (BVD) KİV nümayəndələri üçün keçirilən “Açıq Qapı" günündə vergilər nazirinin müşaviri, Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib.
Ə.Məmmədovun sözlərinə görə, vergi orqanlarına göndərilən bəyannamələrin 90 faizindən çoxu elektron formada təqdim olunur. Vergi bəyannamələrinin könüllü təqdim edilməsi göstəriciləri hər il daha da yaxşılaşır.
Baş İdarə rəisi, həmçinin bildirib ki, gələn ilin yanvarın 1-dən fəaliyyət göstərəcək "Yaşıl dəhliz" layihəsinin tətbiqi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, könüllü vergi əməletmənin artmasına və cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinə səbəb olacaq: "Layihə çərçivəsində pilot layihə kimi 1 saylı Ərazi Vergi İdarəsi və Bakı Vergi Departamentində keçiriləcək. Pilot layihənin effektini 2017-ci ilin ortalarına qədər görəcəyik və ondan sonra regionlarda da tətbiq ediləcək.
Bundan başqa əlaqələndirmə işlərinin təşkili məqsədilə hər bir partnyor ödəyici üçün aidiyyəti vergi strukturundan kuratorlar ayrılacaq. Kuratorlar partnyor ödəyicilərin müraciəti əsasında onlara ünvanlı xidmətlər göstərəcəklər. Partnyor vergi ödəyicilərinin siyahısı, onların razılığı əsasında, mütəmadi olaraq açıqlanacaq. Bu digər vergi ödəyiciləri üçün də nümunə olacaq və onlar intizamlı vergi ödəyicisi olmağın üstünlüklərini aydın şəkildə görə biləcəklər.
|