Rusiyalı rəssam Leonardo da Vinçinin yarımçıq əsərini tamamlayıb (FOTO)10 Noyabr 2016, 11:02 (GMT +4) Bakı, 10 noyabr, SalamNews, Ş.Nəzərli. Rusiyanın Novokuznetsk şəhərində yaşayan rəssam Konstantin Dverin İtaliya rəssamı Leonardo da Vinçinin 1481-ci ildə başladığı, lakin yarımçıq qoyduğu “Səcdə” əsərini tamamlayıb.
SalamNews-un RİA Novosti saytına istinadla verdiyi xəbərə görə, Novokuznetsk incəsənət muzeyi yalnız “Leonardo da Vinçiyə ithaf” adlanan bu əsərin sərgisini keçirir.
Muzeyin əməkdaşları bildiriblər ki, yerlilərinin əsəri unikallığı ilə seçilir. Tablonun arxa planında atlılar, güclə sezilən qayalar görünür. Şəklin ortasında ön planda müqəddəs Məryəm yeni doğulmuş İsanı qucağında tutumuş vəziyyətdə təsvir edilib, ətrafında ona səcdəyə gəlmiş insanlar durub. Onların sağında görünən kişi, çox güman ki, 29 yaşlı Leonardonun özüdür.
Rusiyalı rəssam işi ilə bağlı deyib ki, italiyalı ustad rəssamın yarımçıq əsərini tamamlamaq üçün çox araşdırmalar aparıb, Leonardonun dəst-xəttini, yaşadığı dövrü və digər məlumatları uzun zaman öyrənməyə çalışıb. Beləliklə, 450 il heç kimin tamamlamaq istəmədiyi işi 4 aya görməyə müvəffəq olub.
İntibah dövrü rəssamlarının özünü və əhatəsini təsvir etmək ənələrinə sadiq qalaraq rusiyalı rəssam da bu yolla gedib.
“Səcdə” əsərinin sərgisi noyabrın 24-ə kimi davam edəcək.
|